AMADA bu ilin aprel ayını ədalətli idman ayı elan edib
“Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bu ilin aprel ayını ədalətli idman ayı elan edib.
Agentlikdən BrendSport.az-a bildirilib ki, ölkədə idmanda ədalət prinsipinin və təmiz idman dəyərlərinin qorunmasından məsul qurum olan AMADA Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirib.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən ədalətli idman ayı Ulu Öndərin səsləndirdiyi “Qoy ədalət zəfər çalsın” şüarı altında baş tutub. İdmanda ədalət prinsipinin əhəmiyyətini və idmançıların bu prinsipə sadiqliyini təşviq edən silsilə tədbirlərə ölkədə fəaliyyət göstərən bir çox idman qurumları da qoşulub.
Belə ki, futbol üzrə Azərbaycan Misli Premyer Liqasının 29-cu turunun bütün oyunlarında hakimlər və futbolçular əyinlərində AMADA tərəfindən hazırlanmış “Heydər Əliyev İli” və ədalətli idmanın təşviqinə aid xüsusi geyim və əllərində şüarlarla meydana çıxıblar. Turun Sumqayıt şəhərində baş tutan "Sumqayıt"-Neftçi" oyununda isə AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri, Ədalətli İdman elçisi İlham Zəkiyev meydana çıxaraq topa rəmzi başlama vuruşunu edib. Tovuzda baş tutan “Turan Tovuz”-“Şamaxı” oyununda isə azyaşlı idmançılar böyüklərlə bərabər xüsusi geyimdə meydana çıxaraq aksiyaya əlavə bir rəng qatıblar.
Qadın və kişilər arasında Voleybol üzrə ölkə çempionatının, habelə Azərbaycan Basketbol Liqasının bir sıra oyunlarında da analoji tədbir baş tutub.
Bundan əlavə, Azərbaycan Velosiped Federasiyasının təşkil etdiyi Azərbaycan Kubokunun üçüncü mərhələsində də ədalətli idman ayı və “Qoy ədalət zəfər çalsın” şüarı altında tədbirlər keçirilib.
Həmçinin “Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyində də “Qoy ədalət zəfər çalsın” şüarı altında ədalətli idmanın təşviqi aksiyası baş tutub.
Qeyd edək ki, AMADA-nın ədalətli idman ayı təşəbbüsünə Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Güləş Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası da qoşulub və bu federasiyaları təmsil edən idmançılar silsilə tədbirlərdə iştirak ediblər.
Ədalətli İdman Ayı çərçivəsində keçirilən tədbirlərdə AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasına üzv olan idmançılar da aktiv iştirak edib və təmiz və ədalətli idmanın təbliği işinə öz töhfələrini veriblər.
Xatırladaq ki, bu il aprelin 14-ü dünyada Ədalətli İdman Günü kimi qeyd edilib. Azərbaycanda isə AMADA bu ərəfədə silsilə tədbirlərini “Heydər Əliyev İli”nə həsr edib.
Silsilə tədbirlərlə bağlı xüsusi videoçarx da hazırlanıb.
Facebook-da paylaş