Ədalətli İdman Günü ilə əlaqədar seminar keçirilib
BrendSport.az xəbər verir ki, 10 Aprel – Ədalətli İdman Günü ilə əlaqədar Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində seminar təşkil edilib. Tədbirdə velosipedçilərlə yanaşı, digər idman növləri ilə məşğul olan yeniyetmə və gənclər də iştirak edib.
AMADA-nın təhsil üzrə meneceri Lalə Hacıyeva idmanda bərabərliyin qorunmasının vacibliyindən, ədalətli qələbə və “təmiz idman”ın əhəmiyyətindən danışaraq AMADA-nın bu istiqamətdə fəaliyyəti haqqında məlumat verib. Menecer istifadəsi qadağan olunmuş preparatlardan istifadəyə qarşı görülən işlər, idmançıların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və perspektivlərdən də geniş söhbət açıb.
Məlumat üçün bildirək ki, Beynəlxalq Antidopinq Agentliyi (WADA) 10 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən WADA-nın təhsil konfransında ədalətli idman təşəbbüsü irəli sürülüb. Cənubi Amerika ölkələrinin təşəbbüsünə daha sonra Avropa, ardınca isə bütün dünya ölkələri qoşulub. Hər il bu təşəbbüsə müxtəlif ölkələr qoşularaq silsilə tədbirlərə ev sahibliyi edirlər. Bu isə hərəkatın qloballaşmasına imkan yaradır. Hərəkatın sıralarının genişlənməsi dünyada “təmiz idmançılar”ın sayının artmasına, atletlərə rəqibə ədalətlə yanaşmaq və təmiz qələbə hislərini aşılamağa böyük töhfə verir.
Facebook-da paylaş