Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün biletlər bu gün satışa çıxarılacaq
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün biletlər bu gün satışa çıxarılacaq.
BrendSport.az xəbər verir ki, həlledici qarşılaşma üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi Bakı vaxtı ilə saat 17:00-da ümumi satışa buraxılacaq. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.
Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına kəçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.
Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla yalnız 4 bilet ala bilər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla, iki nəfər üçün 2 biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.
Martın 28-dən aprelin 5-dək davam edəcək ikinci mərhələdə ödəniş etməklə lotereyada adınıza çıxan bileti əldə edə bilərsiniz. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.
Mayın 21-də başlayacaq üçüncü mərhələdə aldığınız bilet mobil telefonunuza göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Siz eyni zamanda digər şəxslər üçün aldığınız biletləri onların mobil telefonuna göndərə bilərsiniz. Bu şəxslər də, öz növbələrində, UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.
Oyun gününə təsadüf edəcək dördüncü mərhələdə biletləri stadiona giriş zamanı aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.
Final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək. UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışına ötən ilin noyabr ayından başlanılıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini uelf.hospitality.uefa.com/packages/ linkinə daxil olaraq, əldə etmək mümkündür.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək.
Facebook-da paylaş