Fərid Qayıbov: Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır
2018-ci il mənim üçün çətin və maraqlı oldu. Ötən ilin sonunda Avropa Gimnastika İttifaqına (UEG) prezident seçildim. Bu il həmin qurumun rəhbəri kimi fəaliyyətimin ilk ili idi.
BrendSport.az xəbər verir ki, bu sözləri dekabrın 18-də “İlin qalibləri-2018” müsabiqəsində “İlin idman xadimi” seçilmiş Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov jurnalistlərə müsahibəsində deyib.
F.Qayıbov qeyd edib: “2018-ci il Avropa Gimnastika İttifaqı üçün uğurlu olub. Dünya və Avropa çempionatları ilə yanaşı, qitənin idman qurumlarının dəvəti ilə müxtəlif tədbirlərdə iştirak etdim. Avropa Gimnastika İttifaqının iclasları oldu. Bu iclaslarda qurumun gələcək siyasəti və iş planını müzakirə etdik. Artıq müəyyən nəticələr də var. Qərarlarımız özünü doğrultdu. Bəzi qərarların nəticəsini bu il görə bilirik. Digərlərinin nəticəsini isə mütləq görəcəyik. Məhz bu gün Avropa Gimnastika İttifaqının yeni veb-səhifəsi istifadəyə verilib”.
On beş il Azərbaycan Gimnastika Federasiyasında (AGF) çalışmış qitənin ali gimnastika qurumunun rəhbəri milli federasiyanın böyük nailiyyətlər qazandığını vurğulayaraq deyib: “2017-ci ilin sonunda AGF Beynəlxalq Gimnastika Federasiyası tərəfindən ilin ən yaxşı federasiyası seçildi. Bu görülən işlərin ən yaxşı göstəricisidir. İdmançılarımız da yüksək nailiyyətlər əldə ediblər. Bu il Mixail Malkin Bakıda keçirilən batut üzrə Avropa çempionatında qızıl medal qazandı. Bədii gimnastlarımız da Avropa çempionatında medallar əldə ediblər. Azərbaycanda gimnastika idmanın inkişafında böyük rol oynayır. Hər kəs bilir ki, idman gimnastikadan başlayır”.
F.Qayıbov bildirib ki, gələn il Bakıda gimnastika üzrə daha çox beynəlxalq yarışlar keçiriləcək. 2018-ci ildə ölkəmizdə gimnastika üzrə altı irimiqyaslı yarış keçirilib. Üç dünya kuboku, Avropa çempionatı və müxtəlif beynəlxalq yarışlar təşkil edilib. 2019-cu ildə isə Milli Gimnastika Arenasında daha çox yarış olacaq. Gələn il Olimpiadaya lisenziya xalları verən üç dünya kuboku keçiriləcək. Bundan başqa, Bakıda bədii gimnastika və aerobika üzrə iki Avropa çempionatı və bədii gimnastika üzrə dünya çempionatı təşkil ediləcək. Azərbaycanda keçirilən yarışlara gələn ölkələrin coğrafiyası da artır. Builki bir dünya kubokuna 20-25 ölkə gəlmişdisə, artıq sifariş formalarından bəlli olur ki, gələn il 48 ölkə gələcək. İdmançılarımıza 2019-cu ildə yüksək nailiyyətlər arzulayıram.
Facebook-da paylaş