FHN karateçiləri respublika çempionatında uğur qazanıblar
28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib.
BrendSport.az saytı xəbər verir ki, turnirdə 30 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 8 idmançısı mübarizə apararaq yüksək nailiyyətlərə nail olublar. Belə ki,
14-15 yaş kişilər arasında karate komandasının üzvü Nihad Kərimzadə şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında isə şəxsi kumite yarışlarında Mədinə Baratzadə 2-ci, Vəsilə Hacıyeva 3-cü yerə layiq görülüb.
16-17 yaş qadınlar arasında şəxsi kata yarışlarında Samirə Məmmədova qızıl medal, kişilər arasında isə şəxsi kata yarışlarında Nihad Məmmədzadə gümüş medalın sahibi olub.
18-21 yaş kişilər arasında şəxsi kumite və kata yarışlarında Xəyal Məmmədov və şəxsi kumite yarışlarında Kənan Babayev 3-cü , qadınlar arasında isə şəxsi kata yarışları üzrə Samirə Babayeva 2-ci yeri qazanıb.
İdmançıların ilk məşqçiləri 1-ci dan qara kəmər sahibi Coşqun Sadıqov, əməkdar məşqçilər və 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və Rafael Məmmədov, hazırki şəxsi məşqçiləri isə əməkdar idman ustası, əməkdar məşqçi, 2 qat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.
2 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və klubun əməkdaşları çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlər ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıblar.
Qeyd edək ki, Füzuli Musayev Azərbaycanda karate idman növünün geniş yayılmasına həyatını həsr etmiş, bununla yanaşı həmdə beynəlxalq miqyaslı idman yarışlarında çox böyük nəaliyyətlər qazanan bir sıra idmançılar hazırlayaraq dövlətimizə gələcəyin çempionlarını yetişdirib.
Facebook-da paylaş