Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib
“Şüa” İdman-Sağlamlıq Mərkəzində stolüstü tennis üzrə Azərbaycan kuboku turniri keçirilib. Gənclər və yeniyetmələr arasında keçirilən yarış şəxsi-komanda xarakteri daşıyıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından BrendSport.az -a verilən məlumata görə, 2002-2004-cü il təvəllüdlü qızların yarışında ilk üç yeri “Şəki”, “Təhsil” və “Şabran” komandaları tutublar. Oğlanlar arasında isə “Təhsil 1”, “Təhsil 2”, “Şabran” komandaları fərqləniblər. Həmin yaş qrupunun şəxsi yarışlarında isə qızlar arasında Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova, oğlanlar arasında İbrahim Ansari, Kənan Pənahov, Nihad Məmmədov qalib olublar.
Turnirdə 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı qızlar arasında “ Sumqayıt 2”, “Sumqayıt 1”, “Sumqayıt 3” komandası, oğlanlar arasında “Təhsil 1”, “Sumqayıt 1”, “Təhsil 2” yığmaları mükafatlara layiq görülüblər. Həmin yaş qrupu üzrə şəxsi yarışlarda qızlardan Arzu Aslanova, Mərziyyə Nurmətova, Mehriban Dadaşova, oğlanlardan isə Emin Məmmədov, Adil Əhmədzadə, Hüseyn Eylazov ilk üç yerdə qərarlaşıblar.
Azərbaycan kuboku turnirində 24 komandanın heyətində 100-ə yaxın idmançı mübarizə aparıb.
Facebook-da paylaş