Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti: 2018-ci il taekvondoçularımız üçün uğurlu olub
Azərbaycan taekvondo komandasının üzvləri dünya reytinqində ön sıralarda qərarlaşıblar
Əvvəllər taekvondo idman növündə dünyada ən güclü komandalar Koreya Respublikası və İran hesab edilirdi. Son Olimpiya Oyunları, dünya çempionatları və kubok yarışları taekvondonun Azərbaycanda sürətlə inkişaf etdiyini, yığmamızın artıq dünyada güclü komanda kimi qəbul olunduğunu göstərdi. Hazırda Azərbaycan milli komandasının üzvləri Dünya Taekvondo Federasiyasının (DTF) reytinq cədvəllərində ön sıralarda qərarlaşıblar. Səkkiz idmançımız dünya reytinqində ən güclü 32 idmançı sırasında yer alır. Olimpiya çəkiləri üzrə 2018-ci ilin reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub. Hesabında 329,69 xal olan "Rio-2016"nın qalibi Radik İsayev (80 kq-dan yuxarı), eləcə də dünya çempionu və Olimpiya mükafatçısı Milad Hərçəqani (80 kq, 365,45 xal) reytinq cədvəlində üçüncü yerdə qərarlaşıblar.
BrendSport.az xəbər veriri ki, Bu sözləri Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti, Avropa Taekvondo Birliyinin İcraiyyə Komitəsinin üzvü Nağı Səfərov AZƏRTAC-a müsahibəsində federasiyanın taekvondo idmanının ölkəmizdə inkişafı istiqamətində gördüyü işlərdən, idmançılarımızın 2018-ci ildə qazandıqları uğurlardan danışarkən deyib.
ATF-in idmançılara yerli və beynəlxalq yarışlarda iştirak etmək üçün lazımi şərait yaratdığını vurğulayan N.Səfərov diqqətə çatdırıb ki, federasiya hər il müxtəlif yaş qrupları üzrə respublika çempionatları və birincilikləri, beynəlxalq turnirlər təşkil edir. Çempionatlar Azərbaycanda taekvondonun təbliği və inkişafı, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında yığma komandanın tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Bundan əlavə, ATF-in təşkilatçılığı və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə hər il gənclər arasında "Koreya səfiri kuboku" turniri keçirilir.
Böyüklərdən ibarət taekvondoçularımız beynəlxalq yarışlarda bir sıra nailiyyətlər qazanıblar
Bu il milli komandamız üçün əsas yarışın mayda Rusiyada keçirilmiş taekvondo üzrə Avropa çempionatına hazırlıq olduğunu bildirən vitse-prezident qeyd edib ki, böyüklərdən ibarət Azərbaycan millisi qitə birinciliyində uğurla çıxış edərək yarışdan yüksək nəticə ilə qayıdıb. Düşünürəm ki, yığmamızın nəticəsini qənaətbəxş hesab etmək olar. Kazanda keçirilmiş yarışda komandamız 1 qızıl və 2 bürünc medal qazanıb. Taekvondoçumuz R.İsayev qızıl medala sahib olaraq ikiqat Avropa çempionu adını qazanıb. Yığmamızın digər üzvləri M.Hərçəqani və Patimat Abakarova turnirdə bürünc mükafata yiyələniblər. Bununla yanaşı, 2018-ci ildə komandamız Qran-Pri seriya yarışlarında, dünya kuboku və çoxsaylı beynəlxalq turnirlərdə iştirak edib. Bu yarışların hamısı idmançılarımızdan yüksək hazırlıq tələb edirdi. Komandanın həmin turnirlərə qatılmasının məqsədi idmançılarımızın reytinqini yüksəltməkdir.
N.Səfərov məlumat verib ki, böyüklərdən ibarət millimiz mart ayında Ukraynada keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb. Əvvəlki illərdə Meksika və Bakıda təşkil olunmuş komandalararası dünya çempionatlarının qalibi olmuş kişilərdən ibarət yığmamız bu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş eyni səviyyəli yarışda üçüncü yeri tutub. Dekabrın ortalarında isə Çində təşkil olunmuş "Böyük dəbilqə" turnirində millimizin üzvü M.Hərçəqani fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Gənclərdən və yeniyetmələrdən ibarət milli komandalarımız bir çox beynəlxalq yarışlarda medallar əldə edib
Hazırda həm yeniyetmələr, həm də gənclərdən ibarət yığma komandalarımızda güclü potensiala malik taekvondoçuların yetişdiyini vurğulayan vitse-prezident deyib: “Gənclərdən ibarət Olimpiya yığma komandamız həm apreldə Tunisdə keçirilmiş dünya birinciliyində, həm də oktyabrda “Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya yarışlarında uğurla çıxış edib. Dünya birinciliyində bütün rəqiblərini məğlub edən Cavad Ağayev mundialın qalibi olub. Taekvondoçumuz Argentinada üçüncü yeri tutsa da, düşünürəm ki, o, perspektivli idmançılarımızdandır. Son respublika çempionatında da C.Ağayev birinci yerə çıxıb. Bu nəticələrinə görə onu gələcəkdə böyüklərdən ibarət yığmaya cəlb etməyi planlaşdırırıq.
Fevralda İstanbulda klublararası Avropa çempionatında gənclərdən ibarət yığmamızın 11 üzvü fəxri kürsüyə yüksəlib. İyunda Bolqarıstanda keçirilmiş parataekvondo üzrə Avropa çempionatını yığmamızın üzvlərindən Aynur Məmmədova qızıl, Nicat Müslümov isə bürünc medalla başa vurub. Sentyabrda Rusiyadakı beynəlxalq turnirdə gənclərdən ibarət komandamız Vətənə iki qızıl və bir bürünc medalla qayıdıb. Noyabrda İspaniyada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycan idmançısı Rahid Vəliyev gümüş medalla kifayətlənib. Şadam ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yığma komandamıza medal bəxş edən idman növləri arasında taekvondonun da adı çəkiləcək".
Ölkə çempionatında idmançılar arasında rəqabət səviyyəsi yüksəkdir
N.Səfərov bildirib ki, yığmanın baş məşqçisi Reza Mehmandoust Azərbaycan çempionatında titullu idmançılar olan Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Fəridə Əzizova və Patimat Abakarovanı sınamağa qərar verdi. Onlar məşqçinin etimadını doğruldaraq fəxri kürsüdə mükafatçılar sırasında yer aldılar. Gənc və bacarıqlı idmançılar da yığmanın üzvü olmaq üçün çempionatda fəal mübarizə aparıblar. Onlardan Cavad Ağayev, Bəhruz Quluzadə, Əli Məmmədov ölkə çempionu oldular.
Qadın taekvondoçularımızdan P.Abakarova Avropa çempionatında üçüncü yerə sahib olmuşdu. Gənc taekvondoçumuz Minayə Əkbərova, eləcə də Leyla Məmmədova və Kübra Əmirzadə son Azərbaycan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. M.Əkbərova apreldə Tunisdə təşkil olunmuş lisenziya xarakterli turnirdə "Buenos-Ayres 2018"ə vəsiqəni təmin etmişdi. O, 2018-ci ildə gənclər arasında klublararası Avropa çempionatında qızıl medalın sahibidir. Minayənin potensialı böyükdür. Komandamızın liderlərindən olan Fəridə Əzizovadan da gələcəkdə uğur gözləmək olar.
Federasiya bölgələrdə də taekvondonun inkişafı üçün addımlar atır
Regionlarda ATF-in artıq bir neçə mərkəzi fəaliyyət göstərir. Əsas mərkəzlər Naxçıvan, Gəncə, Lənkəran, Ağcabədi, Quba və Qəbələdə yerləşir. Demək olar ki, bütün şəhər və rayonlarda taekvondo klubları və bölmələri var. Bu regional mərkəzlərdə müxtəlif taekvondo komandaları arasında hər ay liqa kuboku uğrunda yarışlar keçirilir. Yarışların məqsədi bölgələrdə güclü və potensiallı idmançıların aşkarlanmasıdır.
"Qeyd edim ki, 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təltif etdiyi idmançılar arasında taekvondoçular da yer alıblar. Biz taekvondoçuların uğurlarını yüksək qiymətləndirən dövlətimizin başçısına milli komandanın üzvləri və federasiyanın kollektivi adından minnətdarlığımızı bildiririk.
Sonda demək istəyirəm ki, taekvondo üzrə Azərbaycan yığması 2018-ci ildə beynəlxalq yarışlarda yüksək əyarlı medallar qazanaraq uğurla çıxış edib. Biz bundan sonra da idmançılarımızın beynəlxalq arenada qələbələrinin çoxalmasına, onların azarkeşləri və xalqımızı sevindirməsinə çalışacağıq", - deyə federasiyanın vitse-prezidenti vurğulayıb.
Facebook-da paylaş