Şahmat üzrə ölkə çempionatının qalib və mükafatçıları üçün master-klas təşkil edilib

Azərbaycan Şahmat Federasiyasında (AŞF) yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün master-klas təşkil edilib.
BrendSport.az xəbər verir ki, 8, 10, 12, 14, 16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları üçün keçirilən tədbirdə qurumun prezidenti Mahir Məmmədov yeniyetmə şahmatçıların inkişafına böyük önəm verdiyini və bu istiqamətdə müxtəlif layihələr həyata keçirildiyini bildirib.
İlk master-klasda milli komandanın üzvü Aydın Süleymanlı yeniyetmələrlə təcrübəsini bölüşüb. Karyerası barədə danışan yığma komandanın şahmatçısı uşaqlara yarış ərəfəsində həyəcanı unutmağın və diqqəti rəqibə yönəltməyin sirlərindən söhbət açıb. Şahmatda intizamın vacib olduğunu deyən A.Süleymanlı gərgin məşqlər zamanı düzgün istirahət etməyin önəmini vurğulayıb. Tədbirin sonunda bir neçə partiyanı təhlil edən Aydın Süleymanlı uşaqların suallarına cavab verib.
Qeyd edək ki, Aydın Süleymanlı yeniyetmələr arasında dünya (14 yaş qrupunda) və ikiqat Avropa çempionu (8 yaşadək və 12 yaşadək), o cümlədən U-16 Ümumdünya Şahmat Olimpiadasının qalibidir. Milli komandanın üzvü 2024-cü ildə Azərbaycan çempionatının qızıl medalını qazanıb.


Facebook-da paylaş
