Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” liderlə xal fərqini minimuma endirib
Qadın həndbolçuların Azərbaycan çempionatında XIV tura Mingəçevirdə start verilib.
BrendSport.az xəbər verir ki, yerli “Kür” komandasının “Azəryol”la görüşünü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib.
Bu tur ərəfəsində hərəyə 19 xalla qonşu pillələrdə qərarlaşan rəqiblərin növbəti dueli də maraqla gözlənilirdi. Gərgin mübarizə vəd edən görüşün ilk hissəsi əsasən xala-xal prinsipli oyunla yadda qalıb. Yalnız 20-ci dəqiqədən sonra təşəbbüsə yiyələnən meydan sahibləri hesabda irəli çıxmağı bacarıblar. “Azəryol”un fərqi aradan qaldırmaq cəhdləri uğursuz alınıb. Daha kəsərli hücumlar quran Mingəçevir həndbolçuları üstünlüyü qorumaqla fasiləyə 16:10 hesablı qələbə ilə yollanıblar.
Görüşün ikinci hissəsi ev sahibinin tam nəzarətində keçib. Qonaqların vəziyyəti dəyişmək üçün bütün cəhdlərinin qarşısını inamla alan “Kür” rəqibin müqavimətini kəskin həmlələrlə qırıb. Qapıçı Anastasiya Koquriçin də inamlı çıxışı sayəsində qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirən Mingəçevir həndbolçuları etimadı doğruldublar.
Rəqibi əksər göstəricilərdə üstələyən “Kür” azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb – 34:23. Əyalət təmsilçisi bu qələbə ilə lider “Qarabağ”la xal fərqini 1-ə endirib.
Facebook-da paylaş