Şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları başa çatıb
Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə 8,10,12,14 və 16 yaş qrupu üzrə şahmatçıların Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub.
BrendSport.az xəbər verir ki, yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə iştirak edib.
Şirvan Olimpiya İdman Kompleksində baş tutan bağlanış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalib şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda yeni uğurlar və nailiyyətlər arzulayıblar.
Müxtəlif yaş kateqoriyasında Vahid Bəşirli (Gəncə), Leyla Rzalı (Sumqayıt), Hüseyn Qurbanov (Gəncə), Firəngiz Hüseynova (Qazax), Əlisəfa Zeynallı (Quba), Leyla Mirzəliyeva (Sumqayıt), Tunar Qarayev (Füzuli), Xanımzər İbrahimli (Sumqayıt), Mahir Vahidov (Ucar), Zarina Mustafayeva (Gəncə) birinci yeri tutublar.
Hər yaş qrupunda yüksək nəticə göstərən ümumilikdə 46 şahmatçı iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.
Sonda yarışda fəal iştirak edən və ayrı-ayrı yaş qrupları üzrə şəxsi birincilikdə qalib gələn şahmatçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Facebook-da paylaş