Qubada keçirilən festivalda idmançıların açıq havada nümunəvi çıxışları olub
Qubada keçirilən “İdman festivalı-2023” davam edir.
BrendSport.az xəbər verir ki, festivalın üçüncü günündə əvvəlcə üzgüçülük məşqləri təşkil olunub.
Daha sonra şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə atletlərin nümunəvi çıxışları baş tutub. Bəzi idman növlərində isə çıxışlara izləyicilər də qatılıblar.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova festivalın bölgədə keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu söyləyib, təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. Ulu Öndər Heydər Əliyevin hər zaman idmana və idmançılara yüksək qiymət verdiyini diqqətə çatdıran S.Abasova bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: "Ölkəmizdə idmanın inkişafı üçün geniş imkanlar yaradılıb. Hazırda bu istiqamətdə daha böyük işlər görülür. Azərbaycanın şəhər və rayonlarında müasir standartlara cavab verən idman obyektləri fəaliyyət göstərir. Məhz bunun məntiqi nəticəsi kimi, ölkəmiz nüfuzlu yarışlara ev sahibliyi edir, eyni zamanda, idmançılarımız beynəlxalq arenada bayrağımızı zirvələrə yüksəldirlər".
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdir müavini Nicat Həsənov festivalın Qubada keçirilməsinin sevindirici hal olduğunu söyləyib. O, tədbirdə yerli idmançılarla yanaşı, başqa ölkələrdən olan atletlərin də iştirak etdiklərini xatırladıb: “Festivalda idmançıların nümunəvi çıxışlarını izləyirik. Ümid edirik ki, bu cür məşqlər onların gələcəkdə qələbə qazanmalarına təkan olacaq. Bu səpkidə tədbirlərimiz davam edəcək”.
Bu gün festival çərçivəsində konsert proqramı və film nümayişi də olacaq.
Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən festival noyabrın 20-dək davam edəcək.
Facebook-da paylaş