“Kəpəz”in kapitanı: “Nəticələrimiz yaxşı deyil”
“Mövsümün startında “Neftçi” üzərində qələbə qazansaq da, sonrakı oyunlar göstərdi ki, nəticələrimiz yaxşı deyil”.
BrendSport.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Vurğun Hüseynov klubun mətbuat xidmətinə açıqlamasında mövsümün ilk 6 turundakı nəticələrini dəyərləndirərkən deyib.
35 yaşlı müdafiəçi çatışmazlıqlarının olduğunu etiraf edib: “Baş məşqçi təhlil edir, bu barədə bizi məlumatlandırır. Oyundan-oyuna bu problemləri azaltmağa çalışırıq. Son matçlardakı səhvlər komanda şəklində deyil, fərdi səhvlərdir. Bunları yoluna qoymaq üçün məşqlərdə əlimizdən gələni edirik”.
Kapitan hazırda 4 xalla 9-cu pillədə qərarlaşan Gəncə təmsilçisinin daha yaxşısına layiq olduğunu düşünür: “Yeni baş məşqçimiz var, kollektiv yayda yığılıb. Qarşıda isə çox oyunlar olacaq. Azarkeşlər arxamızda olsunlar, uğurlu nəticələrimiz çox olacaq”.
V.Hüseynov zədəsini tam sağaltdığını, meydana çıxmaq iqtidarında olduğunu sözlərinə əlavə edib: “Neftçi” ilə oyundan əvvəl gözlənilməz zədə aldım. Sevindirici haldır ki, sağalmışam, komanda ilə birgə məşqlərə başlamışam. Baş məşqçi şans verərsə, qarşıdakı görüşlərdə iştirak edərəm. Biz bir ailəyik, qələbə də, məğlubiyyət də hamımıza təsir edir. Futbolçuların həvəsdən düşməmələri üçün təcrübəli bir oyunçu kimi, əlimdən gələni edirəm. Özüm meydanda olanda daha çox faydam dəyəcək”.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın VII turunda sentyabrın 24-də “Sabah”ın qonağı olacaq.
Facebook-da paylaş