“Sabah” iki yubiley ərəfəsində, “Zirə” birillik qol həsrətinə son qoymaq arzusundadır
Azərbaycan Premyer Liqasının IV turunda “Zirə” ilə keçiriləcək səfər oyunu “Sabah” üçün iki yubileylə əlamətdar ola bilər.
BrendSport.az xəbər verir ki, Murad Musayevin yetirmələri bunun reallaşmasından ötrü bu gün minimum iki qol vurmalı və qələbə qazanmalıdırlar.
Komandalar arasında 2018-ci ildən başlayan rəqabətdə indiyə qədər 19 çempionat görüşü keçirilib ki, bunun 9-da “Sabah” qalib gəlib. Növbəti qələbə “bayquşlar”ın 10-cu uğuru olacaq. Həmçinin “Zirə” ilə qarşılaşmalarda "Sabah"ın hesabında 28 qol var. Yəni 30-cu qola çatmaq üçün rəqibi iki dəfə mərkəzə dəvət etmək kifayətdir.
Tərəflərin son 5 duelində “Zirə” qələbə qazanmayıb. Rəşad Sadıqovun kollektivi axırıncı dəfə 2022-ci ilin fevralında, yəni ilyarım əvvəl bugünkü rəqibindən 3 xal almağı bacarıb.
Premyer Liqa çərçivəsində “Sabah” önündə ümumilikdə 4 qələbəsi olan “qartallar” 21 qola seviniblər. Ancaq son 3 görüşdə rəqib qapısına yol tapa bilməyiblər. Bu komandanın “Sabah”la matçlarda qol həsrəti artıq bir ili keçib.
Qeyd edək ki, bu gün keçiriləcək “Zirə” – “Sabah” oyunu saat 19:30-da start götürəcək.
Facebook-da paylaş