Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançılardan qızıl medalları geri istəyib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Aleksey Voyevoda, Aleksey Neqodaylo və Dmitri Trunenkovun Soçi Olimpiadasında bobsley yarışlarında qazandıqları qızıl medalları geri qaytarmağı onlardan tələb edib. Bu barədə TASS agentliyinə BOK-un mətbuat xidmətindən məlumat veriblər.
İdman Arbitraj Məhkəməsi (İAM) antidopinq qaydalarının pozulması ilə əlaqədar Soçi Olimpiya Oyunlarında A.Voyevodanın nəticələrinin ləğv edilməsi barədə BOK-un intizam komissiyasının qərarını fevral ayında dəstəkləyəndən sonra o, Olimpiadanın iki qızıl medalını geri qaytarmalıdır. Neqodaylo və Trunenkov da əvvəlcə BOK tərəfindən cəzalandırılıb, lakin məhkəmə onlara tam bəraət qazandırıb.
Təşkilatın məlumatında deyilir: “BOK Soçidə Qış Olimpiya Oyunlarının antidopinq qaydalarını pozmaları İdman Arbitraj Məhkəməsi (İAM) tərəfindən təsdiq edilmiş Rusiyanın 11 idmançısına və onlarla birlikdə qrup yarışlarında iştirak etmiş komanda yoldaşlarına medalları geri qaytarmaları xahişi ilə artıq müraciət edib”.
BrendSport.az TASS-a istinadla xəbər verir ki, daha əvvəl BOK Aleksandr Zubkovdan Soçi Olimpiadasının iki qızıl medalını qaytarmağı tələb edib. Belə ki, o, antidopinq qaydalarının pozulmasında təqsirli bilinib. A.Zubkov A.Voyevoda ilə birlikdə ikinəfərlik, Neqodaylo və Trunenkov ilə birlikdə dörd nəfərlik bobsley kirşələrində qızıl medal qazanıb.
İAM Soçi Oyunlarında qaydaları pozduqlarına görə BOK tərəfindən cəzalandırılmış 28 rusiyalı idmançıya tam bəraət qazandırıb. Bobsleyçilər Aleksandr Kasyanov, Aleksey Puşkaryov, İlvir Xuzin, xizəkçilər Yuliya İvanova, Yuliya Çekalyova, Anastasiya Dotsenko, xokkeyçilər Qalina Skiba, Anna Şibanova və İnna Dyubanok apellyasiya şikayətləri qismən təmin olunmuş (yalnız olimpiadalardan ömürlük kənarlaşdırma ləğv edilib) 11 idmançı sırasında olublar. Qeyd edək ki, bu idmançılar Soçidə medal qazanmayıblar.
Facebook-da paylaş