“Ermənistan etimad yaratmaq üçün addımlar atmalıdır"
Brüsseldəki səfərimizdən sonra Azərbaycan Prezidenti, dəyərli dostum İlham Əliyevin dəvəti ilə Bakıya gəldik.
Cənab Əliyevlə birlikdə Ermənistanın işğalından xilas edilən və qələbədən sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada həm rəsmi görüşlərimizi həyata keçirdik, həm də müxtəlif ziyarətlər gerçəkləşdirdik”.
BrendSport.az xəbər verir ki, bu barədə Bakıda səfərdə olarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı dərinləşdirəcək addımları müzakirə etdik. Yeni dövrün bölgədəki ölkələrin sülhü, sabitliyi və firavanlığı üçün bir fürsət olaraq qiymətləndirilməsinə qatqı təmin edəcək kimi məsələləri müzakirə etdik. Gələcək əməkdaşlığımızın qarantı olan Şuşa Bəyannaməsini imzaladıq. Burada Azərbaycan Milli Məclisinə müraciət etmək fürsətim də oldu. Sonra burada olan əsgərlərimizlə bir araya gəldik. AVRO- 2020 çərçivəsində Bakıda Türkiyə-Uels oyununu izlədik”, - deyə Ərdoğan sözlərinə əlavə edib.
Türkiyə dövlət başçısının sözlərinə görə, Ermənistanın Azərbaycanın Qarabağ Zəfəri həqiqətini qəbul etməsi və bölgədəki bu yeni dövrü düzgün qəbullanması lazımdır:
“Ermənistan etimad yaratmaq üçün addımlar atmalıdır. Mina xəritələrini Azərbaycana verməsi bu istiqamətdə atılmış vacib addım olacaqdır.
Müharibə dövründə etdiyimiz kimi, yenidənqurma işlərindən tutmuş minalanmış ərazilərin təmizlənməsinə qədər hər addımda Azərbaycanın yanında olmağa davam edəcəyik. Mina təmizlənməsi baxımından hazırda Türkiyədə kombayna bənzər bir vasitə (MEMAT) istehsal edirik. Bu, uzaqdan idarə edilə bilən bir vasitədir.
İndiyədək bunlardan 10-unu Azərbaycana vermişik. Ancaq ilk növbədə bu rəqəmi 20-yə çatdıracağıq, bir-birinin ardınca verməyə davam edəcəyik.
Bunun ən böyük xüsusiyyəti çoxsaylı mina aşkarlamasıdır. Uzaqdan idarəetmə ilə minanı partladır və yola davam edir. Onlardan özümüz də istifadə edirik. Terror bölgələrində istifadə etməyə başladıq. İnanıram ki, bu vasitə həm ölkəmizdə, həm də dost qardaş ölkələrdə çox işə yarayacaq”.
Facebook-da paylaş