Azər Həsənsoy: Hədəfimiz nüfuzlu beynəlxalq yarışlarda idmançılarımızın uğurlu çıxışını təmin etməkdir
Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin inkişafına da böyük diqqət yetirilir. Bu, özünü qazanılan nəticələrdə aydın göstərir. Bunların arasında döyüş idman növlərini xüsusi qeyd etmək lazımdır. Tərkibində bir neçə federasiya, eləcə də federasiyası olmayan nümayəndəlikləri birləşdirən Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) fəaliyyəti bu baxımdan diqqəti cəlb edir.
BrendSport.az xəbər veriri ki, ADFA-nın prezidenti Azər Həsənsoy AZƏRTAC-a müsahibəsində ötən illərdə olduğu kimi, bu il də döyüş növlərində təmsil olunan idmançıların müxtəlif yarışlarda iştirak etdiklərini, uğurlu nəticələr qazandıqlarını qeyd edib. O, başa çatmaqda olan ildə müvafiq idman növləri üzrə təqvim planında nəzərdə tutulmuş respublika yarışlarında, eyni zamanda, beynəlxalq turnirlərdə idmançıların iştirak etdiklərini bildirib. Vurğulayıb ki, ənənəvi olaraq, ilin ilk ayında təşkil olunan uşu və muay-tay üzrə “Savalan” idman klubunun açıq çempionatında müxtəlif yaş qrupları üzrə idmançılar qüvvələrini sınayırlar.
“Fevral-mart aylarında isə böyüklər və gənclər arasında respublika çempionatları keçirilir. Respublika yarışlarının bu aylarda təşkilinin əsas səbəbi artıq martdan başlayaraq Avropa və dünya çempionatlarına idmançıların hazırlığını təmin etməkdir. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil etdiyimiz uşu, muay-tay, alpaqut üzrə builki respublika, Bakı çempionatlarında iştirakçıların sayının artması, rəqabətin yüksəlməsi, beynəlxalq yarışlarda nəticələrə təsir göstərir. Respublika çempionatlarından sonra beynəlxalq turnirlərə hazırlıq məqsədilə keçirilən təlim-məşq toplanışlarında idmançıların hərtərəfli hazırlığı təmin olunur. İl ərzində muay-tay, uşu-sanda, vinçun, alpaqut üzrə məşqçilər üçün seminarların təşkili, yeni məşqçilərin hazırlanması, həm də fəaliyyətdə olanların təcrübələrinin artırılmasına xüsusi diqqət yetirilib”, - deyə A.Həsənsoy bildirib.
Bu il qazanılan uğurlarda muay-tay
və uşu idmançılarımızın da payı var
Federasiya rəsmisi uşu və muay-tay üzrə yığma komandalarımızın Rusiyada, Çexiyada keçirilən Avropa birinciliklərindən, Çində təşkil edilən dünya kubokundan, Tailandda və İtaliyada keçirilən dünya çempionatlarından Vətənə çoxlu medallarla qayıtmalarının müstəqillik dövründə bu sahədə əldə edilən uğurların təzahürü olduğunu deyib. Bildirib ki, çətin döyüş sənəti olan muay-tay üzrə ənənəvi, döyüş üslubuna yiyələnən gənclərdən və yeniyetmələrdən ibarət komandalar bu il də yeni nailiyyətlərə imza atıblar: “Bu ilin oktyabrında Türkiyədə 28 ölkədən 1160 idmançının iştirak etdiyi Avropa kuboku yarışında mübarizə aparan 23 idmançımızdan 17-si medal qazanıb. Medallardan 5-i qızıl, 4-ü gümüş, 8-i bürüncdür. Dekabrın ilk günlərində Beynəlxalq Uşu Federasiyası tərəfindən Çində Dünya Vinçun təsis turniri keçirilib. Həmin yarışda Azərbaycanda da təmsil olunub. Artıq 12 ildir ənənəvi uşu üzrə dünya çempionatlarının proqramına vinçun-tao yarışları, son üç ildə isə Avropa çempionatına həm də vinçun–sanda yarışları daxil edilib. Gələn il isə vinçun üzrə birinci dünya çempionatının təşkili planlaşdırılır.
Alpaqut döyüş sənəti üzrə ilk dünya çempionatında
idmançılarımız böyük qələbəyə imza atıblar
Federasiya prezidenti qeyd edib ki, il ərzində muay-tay, uşu, vinçun növlərində olduğu kimi, ölkəmiz üçün yeni olan alpaqutun inkişafı istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Federasiya yaranandan 8 beynəlxalq yarış keçirilib, bu turnirlərdə idmançıların iştirakı təmin edilib. Son üç ildə keçirilən Xəzər, Qara dəniz, Avrasiya, dünya kuboklarında, Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə idmançılar böyük uğurlar qazanıblar. Ötən ay Bakıda “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan komandası yüksək səviyyədə çıxış edərək, ümumi hesabda birinci yeri tutub.
İdmançılarımızın böyük qələbələr əldə etmələri dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Azərbaycanın hər bir rayonunda, hətta ucqar kəndlərdə belə idmanla məşğul olmaq üçün geniş imkanlar var. Döyüş növləri üzrə idmançılarımız da bu cür geniş imkanlardan bəhrələnirlər.
Kompleks tədbirlərin təşkili döyüş idman
növlərinin daha sürətli inkişafına xidmət edir
Azər Həsənsoy ADFA və onun tərkibində olan federasiyaların nəzdində fəaliyyət göstərən klubların sayının getdikcə artmasının ölkəmizdə idmanın sürətlə inkişaf etməsinin bariz nümunəsi olduğunu bildirərək deyib: “Diqqət etsək, görərik ki, hər hansı idman növündə məhz klub və cəmiyyətlərin fəaliyyəti onun inkişafına, rəqabətin artmasına səbəb olur. Bu baxımdan döyüş növlərinin təmsil olunduğu klubların fəaliyyətini xüsusi qeyd etməliyəm. “Savalan”, “Arktika”, “İnam”, “Raiq”, “Laçın”, “Avatar” kimi klubların təmsilçiləri yarışlarda üstünlük təşkil edirlər. Rayon klublarından isə Gəncə, Şəki, Ağcabədi, Quba, Göyçay və s. daha çox fəallıq göstərirlər. Bu il Bakıda bir neçə idman növünün təmsil olunduğu dünya səviyyəli kompleks yarış keçirmişik. Beynəlxalq Döyüş Sənətləri Festivalı adı altında sentyabrda təşkil etdiyimiz yarışda uşu-sanda, uşu–tao, muay-tay, tayboksinq, kunq-fu, kunq-fu toa, taekvondo, fri-faytinq üzrə müxtəlif ölkələrdən 300-ə qədər idmançı qüvvəsini sınayıb. Bu cür kompleks tədbirlər ölkəmizdə döyüş növlərinə marağı daha da artırır”.
Gələn il idmançılarımız üçün ciddi sınaq ili olacaq
Gələn ilin martında muay-tayçılarımız Tailandda dünya çempionatında qüvvələrini sınayacaqlar. Apreldə isə uşu kunq-fu üzrə idmançılarımız Rusiyada, muay-tay ustalarımız Bolqarıstanda Avropa çempionatlarında mübarizə aparacaqlar. İlin ikinci yarısında Malayziyada böyüklər arasında kunq-fu, Şanxayda uşu, Antalyada isə gənclər arasında muay-tay üzrə dünya çempionatları keçiriləcək.
Şübhəsiz, bu yarışlara mükəmməl hazırlaşmaq üçün respublika yarışlarının təşkili, təlim-məşqlər və bir sıra seminarların keçirilməsi nəzərdə tutulub. Növbəti ildə məşqçilər üçün seminarlarla yanaşı, muay-tay üzrə “xan”, uşu üzrə “daua” dərəcələrinin verilməsi ilə əlaqədar seminar və imtahanların keçirilməsi də planlaşdırılır. Əsas hədəf nüfuzlu beynəlxalq yarışlarda idmançılarımızın uğurlu çıxışını təmin etməkdir.
Facebook-da paylaş