"Kosovoda qələbə üçün nə lazımdısa, etməyə çalışacağıq" - Qurban Qurbanov
FutbolPressAzərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə oyun barədə fikirlərini bildirdi...
- Futbolçularımı təbrik edirəm. Bu qələbə çox vacib idi. Şükür olsun, hər şey istədiyimiz kimi alındı. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandı öz meydanımızda qələbəmiz yox idi. İlk dəqiqələrdən rəqib fərqli sistemdə oynadı. Buna hazırlaşmışdıq. İlk hissəni bu sistemdə keçirdilər. İkinci hissədə oyuna bir az nəzarət edə bilmədik. Get-gedə hər şey bizim tərəfimizdə oldu. Futbolçulardan razı qaldım. Vacib səfər oyunumuz qalır. Mütləq qələbə lazımdı. Paltardəyişmə otağında futbolçulara dedim ki, hər birinizə inanıram. Kosovoya qələbə üçün gedəcəyik. Bunun üçün nə lazımdısa, etməyə çalışacağıq. İnşallah, futbolçuilar bunu bacaracaq və nə qədər gücləri varsa, hətta artığını meydanda qoyacaqlar.
- Gələn oyunun vacibliyi oyununuza necə təsir edəcək?
- Futbolçular dərk edirlər ki, vacibdi. İnanmıram ki, bu, onlara pis təsir etsin. Əksinə, belə oyunlar bütün kollektivi möhkəmləndirməlidi. Son oyunumuzda hər biri heç nədən çəkinmədən ən yaxşı oyununu göstərməyə çalışacaq.
- Bir neçə futbolçu ilk dəfə millidə idi. Onların çıxışından razı qaldız?
- İlk dəfə idi ki, bir yerdə çalışırdıq. Amma ilboyu onlara nəzarət edirdik, hər birinə bələdik. Təkcə Mirabdulla meydana çıxdı. Vaxtı az olsa da, pis təsir bağışlamadı. Hər birindən razıyam. Hamısı çox böyük istək və həvəslə oynamağa hazırdılar.
- İlk dəfə idi ki, komanda bu qədər künc zərbəsi qazandı. 17 belə imkandan istifadə etmək mükmkün olmadı. Sanki problem var bununla bağlı...
- Düzdü, say çox oldu. Rəqəmi bilmirdim. Ümumən pis alınmadı. Qol olmasa da, bunların üzərində çalışmışdıq. Bir neçə nöqtə var idi ki, topu orda görmək istəyirdik. Rəqibin ucaboy futbolçuları var idi. Olub ki, 1-2 standart vəziyyət əldə etmişik və onlardan iyararlanmışıq. Nə hazırlamışdıqsa, onlardan istifədə etdik.
- 4 futbolçu cəza ərəfəsində idi və risk edib onları meydanda saxladız...
- Futboldu, çəkinəsi bir şey yoxdu. Dəyişikliklər ola bilərdi. Amma Kamranla Pavelin zədələnməsi dəyişikliklərlə planlarımıza təsir etdi.
- Demək olar ki, millinin optimal heyəti formalaşıb. Amma Kosovo ilə oyuna da bu futbolçuların gücü çatacaq?
- Rəqibin oyununu bilirik. Amma son matçlarını analiz edəcəyik. Hansı heyət daha uyğun olsa, o futbolçuları meydana buraxacağıq. Kamranın, Pavelin oynayıb-oynamayacağı bilinmir. Mikrozədəsi olan futbolçular var. Statistikaya baxacağıq ki, hansı futbolçu daha çox yüklənib. Ola bilər ki, 1-2 dəyişiklik edək.
- Qrupdan çıxmaq əsas məqsəddi, yoxsa minimum məqsəd?
- Açığı, həmişə çalışmışam ki, hər turnirdə maksimum nəticə qazanaq. Nə dərəcədə alınmasını deyə bilmərik. 4 oyun öncə şansımız var idi və indi də var. Bundan maksimum istifadə etməyə çalışacağıq. Kosovoya qələbə üçün gedəcəyik. Alınmama ehtimalı barədə düşünmürəm. Oyunçularla söhbətimdə dedim ki, bu oyun arxada qaldı və növbəti matçda xarakter göstərib qələbə üçün hər şeyi etməliyik.
- Dediz ki, hər bir göstəriciyə diqqət edəcəyik. Oyun günü Kosovoda temperatur 0 dərəcə olacaq...
- Farer adalarında da hava şəraiti bizim üçün xoş deyildi. Amma hamımızın bir düşüncəsi var ki, təbiətdə pis hava yoxdu. Bəzən belə temperaturlarda ona uyğun oyun qurmağa çalışırsan və futbolçuların konsentrasiyası daha çox olur.
- Sanki bu gün Qurban Qurbanov həmişəkindən daha nikbin və iddialıdı...
- Həmişə iddialı olmuşuq. Bəzi oyunlar var ki, buna daha çox ehtiyac olur. Mən səfərə qələbə hissləri ilə getmək istəyirəm. Futbolçular lazım olsa döyüşməyi hiss etməlidilər. Təbii ki, futbol elementlərini unutmayaraq. Bizə ancaq qələbə lazımdı. İnamlı olmalıyıq.
Facebook-da paylaş