Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir

Bildiyiniz kimi, bu gün Dünya Ədalətli Oyun Günüdür.
BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda Ədalətli Oyunlar Komissiyasının 28 ildir fəaliyyət göstərdiyini xatırladıb: "Bu gün Azərbaycan idmanının görkəmli nümayəndələri öz mükafatlarını aldılar. Bilirsiniz ki, idmanda əsas prinsiplərdən biri ədalətdir. Biz də düzgünlüyü qorumalı və bu ənənəni davam etdirməliyik. İdmanın gözəlliyi də məhz onun ədalətindədir. Hər kəsi Dünya Ədalətli Oyun Günü münasibətilə təbrik edirəm".
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov “Bədən tərbiyəsi və idman xadimi”, paralimpiyaçı Lamiyə Vəliyeva “Ədalətli oyun prinsiplərinə sadiq idmançı”, güləş üzrə məşqçi Cəbrayıl Həsənov “Ədalətli məşqçi”, voleybol hakimi Fuad Ağayev “Ədalətli hakim” mükafatına layiq görülüb.
Ədalətli oyun prinsipinlərinə sadiq təbliğatçı mükafatı ATV telekanalının əməkdaşı Sənan Şəfizadəyə təqdim olunub. Həmçinin “Olimpiya dünyası” qəzeti Ədalətli Oyunlar Hərəkatındakı fəaliyyətinə görə mükafatlandırılıb.
Facebook-da paylaş





















