Firdovsi Umudov: “Qələbəmizi şəhidlərimizə həsr edirik”
“Bu nəticənin qazanılmasında məşqçilər korpusuna, sərbəst güləş üzrə millinin baş məşqçisi Cəbrayıl Həsənov, yunan-Roma yığmasının məşqçisi Həsən Əliyevə, qadınlardan ibarət komandanın məşqçilər korpusuna təşəkkürlərimi bildirirəm”.
BrendSport.az xəbər verir ki, bunu İdman.biz saytına Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov deyib.
Təşkilat Komitəsi tərəfindən güləş yığmasının rəhbəri Bakıda keçirilən hərbiçilər arasında güləş üzrə dünya çempionatını dəyərləndirib. O bildirib ki, hər 3 komandada hamı sonadək mübarizə aparıb və bunun nəticəsində Azərbaycan uğurlu nəticə əldə edib: “Yarışda hər kəs qalib ola bilməz, məğlubiyyət də olmalıdır. İdmançılarımız onlara göstərilən etimadı doğrultdu. Biz yarışlardan öncə Qarabağda qazanılan zəfərini ardını dünya çempionatında davam etdirəcəyimizi bildirmişdik. Buna da nail olduq. Qalib Azərbaycanın idmançıları kimi çempionatda yarışdıq. Gənclər və İdman Nazirliyinə, Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, çempionatın yüksək səviyyədə təşkilinə şərait yaratdılar. Vətənimizə gələn qonaqlar da hər şeydən razı qaldılar. Bundan sonra da inanıram ki, idmançılarımız böyük uğurlara imza atacaqlar”.
Dünya çempionatında zəif rəqibin olmadığını qeyd edən Umudov komandalarımızın istənilən yarışda sözünü demək gücündə olduğunu vurğulayıb: “İdmançılarımızın bu nəticəni əldə edəcəyini gözləyirdik. Çünki ölkəmizdə cənab Prezident İlham Əliyev daima idmana və idmançılarımıza yüksək diqqət, qayğı göstərir. Bizim yarışlarda məğlub olmağa haqqımız yox idi. Sərbəst güləşçilərimizdən Ceyhun Allahverdiyev (61 kq), yunan-Romada Nihad Quluzadə (60 kq) və qadınlarda Ruzzana Məmmədova (59 kq) bizi təəccübləndirdi. Onlardan gələcəkdə də böyük nailiyyətlər gözləyirik. Bu qələbəmizi şəhidlərimizə həsr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, Azərbaycanın güləş millisi Bakıda keçirilən hərbiçilər arasında dünya çempionatını 21 medalla başa vurub.
Banuçiçək Hüseynli
Facebook-da paylaş