Güləşçilərimiz Avropa çempionatına hazırlığı Bakıda davam etdirirlər
Güləş üzrə yığma komandalarımız Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirirlər.
BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışını başa vurduqdan sonra Bakıya gələn millilərimiz taktiki-texniki hazırlığı paytaxtda keçirlər.
Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək komandalarımız gündə bir məşqlə son hazırlıq prosesini davam etdirir.
Sərbəst güləşçilərimiz sabah Polşaya yollanacaq. Qadınlar aprelin 18-də, yunan-Roma güləşçilərimiz isə ayın 20-də ölkəmizi tərk edəcəklər. Yarışın proqramına əsasən, aprelin 18-də sərbəst, 20-də qadın, 22-də isə yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.
Facebook-da paylaş