Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Karateçilərimiz “Paris Open”də iştirak etmək üçün Fransaya yollanıblar



Karate üzrə Azərbaycan milli komandası yeni yarış mövsümünə start verib. Qəbələdə təlim-məşq toplanışından sonra yığmamız 18 nəfərlik heyətlə yanvarın 25-27-də Fransanın paytaxtında keçiriləcək “Paris Open” Karate1 Premyer Liqa turnirinə yollanıb.

Azərbaycan Milli Karate Federasiyasından BrendSport.az-a verilən məlumata görə, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş katib Mirhəsən Seyidov, media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Məşqçi heyətindən isə kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev, Anar Allahverdiyev və Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov komanda ilə bir yerdədir.

Məşqçilər əsas heyətdən əlavə, bir neçə çəkidə əvəzedici heyətə də nüfuzlu yarışda iştirak etmək imkanı yaradıb. Karateçilər Firdovsi Fərzəliyev ( 60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev (hər üçü 67 kq), Rafael Ağayev (75 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva, Fidan Teymurova (ikisi 50 kq) və İlahə Qasımova (55 kq) turnirin ilk günü, Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), eləcə də Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) isə şənbə günü mübarizəyə qatılacaqlar. Medallar uğrunda həlledici görüşlər bazar günü keçiriləcək. Bu yarış həm də kumite üzrə yeni baş məşqçi, türk mütəxəssis B.Kandazın Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.

Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa seriyasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək. Karateçilər hər qələbəyə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, “Tokio-2020” və ikinci Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş