Azərbaycan üzgüçüləri beynəlxalq yarışlarda yüksək nəticələr göstərir
Üzgüçülük idman növü üzrə milli komandanın üzvləri Avropada yarışlarında güclərini sınayırlar.
BrendSport.az xəbər verir ki, milli komandamız Macarıstanın Kapoşvar şəhərində keçirilən Üzgüçülük üzrə Yeniyetmələr arasında beynəlxalq turnirdə yarışlara qatılıblar. Üzgüçümüz Süleyman İsmayılzadə 1500 metr sərbəst üsulda üzmədə bütün rəqiblərini 16:10,99 göstərici ilə üstələyərək qızıl medal qazanıb və bununla da 721 balla Azərbaycanın yeniyetmələr arasında rekordunu təzələyib. İsmayılzadə 400 metr məsadəfə sərbəst üsulda üzmə növündə 04:08,42 göstərici ilə qızıl medal qazanıb və bununla da 695 balla Azərbaycanın yeniyetmələr arasında rekordu yeniləyib.
Digər üzgüçümüz Oqtay Hüseynov da beynəlxalq turnirdə milli komandamızın hesabına qızıl medal qazandırıb. İdmançımız 4:49,32 göstərici ilə 400 metr qarışıq üsulda bütün rəqiblərindən üstün olub və ən yüksək pilləyə yüksəlib. O. Hüseynov 400 metr sərbəst üsulda da yüksək nəticə göstərib. Üzgüçümüz 4:13,92 göstərici ilə bu üsulda gümüş medal qazanıb.
Yarışlarda komandamıza qızıl medalı daha bir yeniyetmə üzgüçümüz Səid Həmidov qazandırıb. O, 4:19,64 göstərici ilə 400 metr sərbəst üsulda hamını qabaqlamağı bacarıb. Yarışlar bu gün də davam edəcək.
Xatırladaq ki, millimizin digər 3 üzvü - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə güclərini sınayırlar. Dünya çempionatına və Olimpiya Oyunlarına lisenziya xarakterli bu yarışlarda Albaniya, Bolqarıstan, Xorvatiya, Serbiya və Makedoniyanın idmançıları ilə yanaşı mübarizədə 50 və 200 metr batterflay üsullarında Ramil Vəlizadə və Əbdürrəhman Rüstəmov, 100 metr arxası üstə üzmədə isə Rəşad Alquliyev finala vəsiqə qazanıblar.
Facebook-da paylaş