Üzgüçümüz Raman Saleh növbəti dəfə Tokio Paralimpiadasının finalına yüksəlib
Azərbaycan üzgüçüsü Raman Saleh növbəti dəfə "Tokio-2020" Yay Paralimpiya Oyunlarının finalına yüksəlib.
BrendSport.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarının təsnifat mərhələsində uğurla çıxış edərək həlledici mərhələyə yüksəlib. O, məsafəni 53,89 saniyəyə qət edib.
R.Saleh 100 metr məsafəyə arxası üstə üzgüçülük yarışlarında qızıl medal qazanıb. Əlli metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında isə dördüncü olmuşdu.
Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Hazırda Azərbaycan medal qazanan 78 ölkə arasında 10-cu pillədə yer alıb.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edir. Atletlərimizin 23-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
Facebook-da paylaş