Formula 1 Azərbaycan Qran-Prisi öncəsi media nümayəndələri üçün seminar təşkil olunub
Aprelin 18-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.
BrendSport.az xəbər verir ki, seminarda 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi haqqında ümumi məlumat verilib, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi haqqında danışılıb.
Qeyd olunub ki, ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya üçün müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran-Prisi daxil olmaqla, bütövlükdə 2023-cü il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.
Bakının yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-də keçiriləcək. Yarış çərçivəsində Bakıda ilk dəfə sprint yürüşü təşkil olunacaq.
Facebook-da paylaş