Ömər Cavadov: Növbəti yarışlarda daha yaxşı nəticələr göstərəcəyik ki, Bayrağımızı yüksəklərə qaldıraq
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirak etmək üçün Bakıdan Ermənistanın paytaxtına yola düşmüşdük. Bu yarışda böyük ümidlərimiz vardı. Biz orada əlimizdən gələnin ən yaxşısını etməyə hazır idik. Bu ümidlər Ermənistanın təxribatı nəticəsində puça çıxdı. Onlar idmanı yenə də siyasətlərinə qatdılar.
BrendSport.az xəbər verir ki, bunu İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirak etməkdən imtina edərək Gürcüstana, oradan da Vətənə qayıdan idmançıların Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimində yığma komandamızın üzvü Ömər Cavadov jurnalistlərə açıqlamasında deyib.
Atletimiz qeyd edib ki, biz ora bayrağımızı yüksəltmək üçün getmişdik. “Buna hazırlaşmışdıq. Amma ermənilərin təxribatı nəticəsində bu cəhdimiz alınmadı. İnanırıq ki, bundan sonrakı yarışlarda daha yaxşı nəticələr göstərəcəyik ki, xalqımızı ən yaxşı şəkildə təmsil edək və Bayrağımızı yüksəklərə ucaldaq. Bu yarış bizim üçün önəmlidir. Ancaq ermənilərin etdiyi hörmətsizliyin qarşısında bizim orada iştirak etməyimiz düzgün deyildi. Ona görə biz Bakıya qayıtmağı qərara aldıq. Bundan sonra beş yarışda iştirak edəcəyik. Paris Olimpiadasına lisenziya verən yarışlarda çıxış etməyə və xal qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq”, - deyə idmançımız bildirib.
Facebook-da paylaş