İdman gimnastikası üzrə 3 hakimimiz beynəlxalq kateqoriyaya yiyələnib
Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən qadın idman gimnastikası üzrə hakimlik imtahanları keçirilib.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda iştirak edən 3 təmsilçimiz imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələnib.
FIG qaydalarına əsasən hər Olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik kateqoriyasını hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar.
İndiyədək beynəlxalq hakimlik kateqoriyasına yiyələnmək üçün hakimlər əvvəlcə FIG-nin təşkil etdiyi hakimlik kurslarında iştirak edir, daha sonra imtahan verirdilər.
Beynəlxalq federasiya tərəfindən bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanların kurslar olmadan onlayn qaydada keçirilməsinə qərar verilib.
Qeyd edək ki, idman gimnastikası ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf etməyə başlayıb.
Facebook-da paylaş