Azərbaycan güləşçiləri beynəlxalq turnirin finalında üz-üzə gələcəklər
Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turniri davam edir.
BrendSport.az saytı xəbər verir ki, yarışın ikinci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Güləşçimiz Əfqan Xaşalov (57 kq) səkkizdəbir finalda Arun Aruna (Hindistan) "tuşe" ilə qalib gəldikdən sonra iranlı Rza Momenijuzadəni də vaxtından əvvəl üstələyib - 10:0. Ə.Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyindən görüşü məğlub başa vurub.
Əliabbas Rzazadə (57 kq) startda bolqarıstanlı İvaylo Tısova heç bir şans verməyib - 10:0. Ancaq həmyerlimiz belaruslu Ariyan Tiutrinlə görüşdə son saniyələrdə üstünlüyü əldən verərək məğlub olub - 6:8.
Turan Bayramov (74 kq) təsnifat mərhələsində bolqar Mixail Georgiyevi məyus etdikdən (3:0) sonra Bolqarıstanın digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib - 12:0. Bayramov dörddəbir finalda əlcəzairli Abdelkader İkkaldan güclü olub - 6:0. Macarıstanlı Murad Kuramqomedovla görüşdə yekun hesab 1:1 olub və sonuncu xalı T.Bayramov aldığı üçün həmyerlimiz finala yüksəlib.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan Cəbrayıl Hacıyev qazaxıstanlı Sultan Jaksiliki "tuşe" ilə yolundan kənarlaşdırdıqdan sonra gürcü Dimitri Jioeviyə də vaxtından əvvəl qalib gəlib - 12:1. C.Hacıyev yarımfinalda bolqarıstanlı Ali-Paşa Umarpaşayev üzərində 8:3 hesablı qələbə qazanaraq finala yüksəlib.
Beləliklə, 74 kiloqram çəki dərəcəsində finalda millimizin iki üzvü Turan Bayramov Cəbrayıl Hacıyev qarşılaşacaqlar.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri fevralın 19-da keçiriləcək.
Facebook-da paylaş