Bu gün Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarına start veriləcək.
BrendSport.az xəbər verir ki, Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Oğlanların yarışında İbrahim Mustafazadə, Ammar Baxşəliyev, Mehdi Əliyev, Maqsud Mahsudov, Nicat Mirzəyev, Əli Niftəliyev, Aleksey Karataşov, Elnur Məmmədov, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyev çıxış edəcəklər. Qızların mübarizəsində isə Səma Cəfərova, Şəfiqə Hümbətova və Selcan Məhsudova medallar uğrunda yarışacaqlar.
Yarışda 32 ölkədən 621 idmançı iştirak edəcək. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Facebook-da paylaş