Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Milli Karate Federasiyasının prezidenti: Komandamız dünya çempionatında uğurla çıxış etdi

Azərbaycan Milli Karate Federasiyasının prezidenti: Komandamız dünya çempionatında uğurla çıxış etdi

Karate üzrə dünya çempionatında 100-dən artıq ölkənin komandaları iştirak edirdi. Sevindirici haldır ki, belə güclü yarışda Azərbaycanın kişilərdən ibarət komandası üçüncü yeri tutdu. On bir ildir ki, komandamız medal qazana bilmirdi. Yığmamız sonuncu dəfə 2010-cu ildə finalda mübarizə aparıb.
BrendSport.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Dubayda keçirilən dünya çempionatında bürünc medal qazanan komandamızın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində jurnalistlərə müsahibəsində deyib.
Yarış barədə danışan federasiyanın prezidenti qeyd edib: “Komandamız qələbəyə köklənmişdi və birinci yeri də tuta bilərdi. Lakin yığmamızın üzvü - builki Avropa çempionatının finalçısı Pənah Abdullayev (84 kq) turnirdə çənəsinin qırılması ilə nəticələnən ciddi zədə səbəbindən mübarizə apara bilmədi. Eyni zamanda, komandamızın üzvü Rafael Ağayevin ayağı zədəli idi. Buna baxmayaraq, komandanın əsl lideri kimi bütün qarşılaşmaları qələbə ilə başa vurdu. İrina Zaretska ikinci dəfə dünya çempionu oldu. İrina Zaretska, eləcə də Rafael Ağayev “Tokio-2020”də uğurla çıxış edərək finala yüksəlmişdilər. Millimiz dünyada yeganə komandadır ki, həm kişilərin, həm də qadınların yarışında finala vəsiqə qazandı. Digər karateçimiz Asiman Qurbanlı yarışlarda sabit çıxış edir. O da finala çıxa bilərdi. Amma bürünc medal da pis nəticə deyil. Ümumiyyətlə, komandamız yaxşı çıxış etdi. Təbii ki, zəif yerlərimiz var və bunlar aradan qaldırılmalıdır”.
Parakarateçilərimizin çıxışından danışan Y.Bəşirov dünya çempionatına 5 parakarateçimizin qatıldığını vurğulayıb. Bildirib ki, onlardan ikisi dünya çempionatında üçüncü yeri tutdu. Eldar Əhmədov əlil arabasında idmançıların yarışında, Emiliya Mitilinova isə görmə məhdudiyyətli idmançıların çıxışında bürünc medal qazanıblar.
“Dünya çempionatında əldə edilən nəticə kişilərdən ibarət baş məşqçi Qurban Tağıyevin, qadınların məşqçisi Denis Morozovun, eləcə də bütünlüklə məşqçilər korpusunun ciddi səyi və birgə əməyinin nəticəsidir. Eyni zamanda, hazırlıq zamanı Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin digər təşkilatların da dəstəyini həmişə hiss etmişik”, - deyə Y.Bəşirov vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş