Masallının Kolatan kəndində “Şəhidlər bulağı” istifadəyə verilib
Masallı rayonunun Kolatan kəndində inşa edilən “Şəhidlər bulağı” istifadəyə verilib. Karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən açılış mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Anar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
BrendSport.az ın xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşməni diz çökməyə məcbur etdi və tarixi qələbə qazanıldı.
Diqqətə çatdırılıb ki, Qarabağ döyüşlərində masallının igid oğulları da qəhrəmanlıq nümunələri göstərərək, Böyük Qələbəyə imzalarını qoyublar. Hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, bizim hər birimizin vətəndaşlıq borcudur.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Anar İsgəndərov, şəhid ataları Rəfail Qulamov, Turac Quliyev və başqaları Vətən müharibəsində Müzəffər Ordumuzun şanlı zəfərindən söz açıblar.
Şəhid atası Rəfail Qulamov çıxışında bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə, müharibə iştirakçılarına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayır və bundan sonra da yaşayacaq.
Mərasimin sonunda şəhid Simran Siyab oğlu Rzayev adına Kolatan kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
AZERTAC
Facebook-da paylaş