Xabi Alonso: "Qarabağ"ın nəyə qadir olduğunu bilirəm
“Son 15 dəqiqə çox gərgin keçdi, həmin anlarda “Qarabağ”ın hücumlarının qarşısını almağa çalışırdıq”.
BrendSport.az xəbər verir ki, bu sözləri Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Qələbəni şərh edən ispaniyalı mütəxəssis Ağdam təmsilçisinin güclü komanda olduğunu bildirib: "Amma rəqib bizi təəccübləndirmədi. Kiminlə qarşılaşdığımızı bilirdik. Bunu nəzərə alaraq bura gəlmişdik. Hazırda qrupda birinci yerdəyik. Yenə də qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha yaxşı oyun sərgiləməyə çalışırlar”.
14 il əvvəl İspaniya millisinin heyətində Azərbaycana gəldiyini xatırladan X.Alonso geridə qalan müddətdə çox dəyişikliklər olduğunu söyləyib: “Həm Azərbaycanda, həm də “Qarabağ”da çox dəyişikliklər olub. 14 il əvvəl heç bu komandanı tanımırdım. Amma indi nəyə qadir olduğunu bilirəm. Bu klub ildən-ilə böyüyür, növbəti uğurlar üçün hər şeyi edir”.
Penalti epizodu ilə bağlı da danışan baş məşqçi baş hakimin düzgün qərar verdiyini vurğulayıb: “Əgər əllə toxunuş var idisə, top qapıya tərəf gedirdisə, penalti idi. Referilər də epizoda baxıb bu qərarı verir”.
41 yaşlı mütəxəssis qrupda ikinci yer uğrunda mübarizənin Norveç “Molde”si ilə “Qarabağ” arasında gedəcəyini əlavə edib. “Hansı komandanın ikinci yeri tutmağa qadir olduğunu son görüş göstərəcək”, - o bildirib.
X.Alonso “Qarabağ”ın heyətində üç futbolçunu fərqləndirib: “Qarabağ” çox gözəl komplektləşib, yaxşı heyəti var. Marko Yankoviç, Abdullah Zubir və Juninyo Olavionun adlarını çəkə bilərəm. Digərlərinin də xətrinə dəymək istəmirəm, hamısı yaxşıdır. İnanıram ki, onlar üzərlərinə düşəni edəcəklər”.
Facebook-da paylaş