Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa MOK nümayəndə heyətlərinin rəhbərləri Bakıda



Bu gün, 6 may tarixində 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirir.

BrendSport.az xəbər verir ki, Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki iştirak edir.

Bununla yanaşı, seminara Avropa Milli Olimpiya Komitələrinin 40 ölkədən olan 70 nümayəndəsi, eləcə də, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un Bakı-2019 üçün xususi yaradılmış Əlaqələndirmə Komissiyası qatılıb.

Seminar, Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə bərabər, onların Bakı-2019 haqqında ən son məlumatlara sahib olma və komandalarına müvafiq təlimlər verə bilmələri üçün təşkil olunub. Burada onlar geniş mövzuları əhatə edən iclaslarda iştirak edir, o cümlədən, idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edirlər. Eyni zamanda, seminarda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinə idmançılara təqdim olunacaq medallar da nümayiş etdiriləcək.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərləri ilə bağlı demişdir: “15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı bütün qitəni birləşdirəcək tarixi bir idman bayramı olacaq. Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərini Bakıda görməyimə şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər, mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən zaman ərzində bizim Avropa MOK-nin üzvləri ilə sıx iş birliyimiz olub və tərəfimizdən onlara hər bir dəstək göstərilib”.

Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki: “Biz Avropa Gənclər Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa MOK nümayəndələri ilə birgə gözəl Bakı şəhərinə bir daha gəldiyimiz üçün böyük məmnuniyyət hissi duyuruq. Mən baş tutan görüşün aramızdakı əlaqələri gücləndirəcəyinə əminəm. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır”.

Daha sonra, nümayəndə heyətlərinin rəhbərləri Əməliyyat Komitəsi tərəfindən atletlər üçün yaradılmış şəraitlə bağlı müzakirələr aparıblar. Tədbir çərçivəsində, Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərini, eləcə də Atletlər Kəndini ziyarət edəcəklər.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Facebook-da paylaş

Xəbəri paylaş