Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Müşfiq İsayevin xatirəsinə həsr edilən güləş turnirinin açılış mərasimi olub



Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə XXII açıq respublika turnirinin yanvarın 11-də açılış mərasimi olub.

BrendSport.az xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Bildirib ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu idman növləri arasında güləş də özünəməxsus yer tutur. Ötən il ölkəmiz 50-dən artıq beynəlxalq turnirə ev sahibliyi edib.

Güləşin tarixən Azərbaycanda ən geniş yayılmış idman növlərindən biri olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd edib ki, dövlətimizin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər atletlərimiz yüksək nailiyyətlərə imza atıblar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək yeniyetmə pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb. Vurğulayıb ki, Respublika turniri bu il ölkəmizdə keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına seçim xarakteri daşıyır.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Tədbirdən sonra güləşçilər güclərini sınayıblar.

Yarış 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

İyulda Bakıda təşkil olunacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalının proqramında yer alan altı (45, 48, 51, 55, 60 və 65 kq) çəki dərəcələri üzrə keçirilən mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.






Facebook-da paylaş

Xəbəri paylaş