Fərid Qayıbov: Bu il Bakının qəsəbələrində daha üç idman kompleksi istifadəyə veriləcək
"Bu il Bakı şəhərinin qəsəbələrində daha üç idman kompleksi istifadəyə veriləcək".
BrendSport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Türkan qəsəbəsində yerləşən idman kompleksinin açılışından sonra jurnalistlərə açıqlamasında deyib.
O, idman obyektinin inşasına bir neçə il öncə başladıqlarını bildirib: "Bu idman qurğusu Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi proqramına əsasən inşa olunub. 2022-ci ilin sonlarından kompleksdə tikinti işləri daha da sürətləndi. Burada bir neçə idman növü ilə məşğul olmaq üçün şərait yaradılıb. Kompleksin açılışı qəsəbədə yaşayan insanlara da bir fürsət olacaq”.
F.Qayıbov işğaldan azad olunan Xankəndi şəhərində yerli və beynəlxalq idman yarışlarının keçirilməsi üçün müvafiq federasiyalarla danışıqların getdiyini söyləyib: "Bilirsiniz ki, ərazi bütövlüyümüz təmin olunduqdan sonra Qarabağ bölgəsində müxtəlif idman yarışları keçirilib. Hətta Xankəndidən Bakı şəhərinə marafon təşkil olunacaq. Əlbəttə ki, bu cür tədbirlərin davamı olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik".
Facebook-da paylaş