Anar Eyvazov: Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir
Ötən müddət ərzində cəbhədə və dövlət sərhədi boyu müdafiə mövqelərimizi, eləcə də yaşayış məntəqələrimizi atıcı silahlarla və artilleriya vasitələri ilə atəşə tutan düşmən qüvvələri ordumuz tərəfindən darmadağın edilib. Ermənistan ordusu Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu, Berd rayonu istiqamətindən tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki döyüş mövqelərimizi, o cümlədən Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayış məntəqələrimizi artilleriya və iriçaplı silahlarla atəşə tutub. Atəş nəticəsində mülki şəxslərdən iki nəfər həlak olub, bir nəfər ağır yaralanıb. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 20-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Bildirilib ki, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı bölmələrimiz uğurlu əməliyyatlar yerinə yetirib. Artilleriya atəşləri ilə gücləndirilmiş bölmələrimizin xüsusi əməliyyatları nəticəsində düşmənin 1-ci, 2-ci, 5-ci və 246-cı alaylarının, eləcə də 10-cu dağatıcı, 18-ci motoatıcı diviziyalarının komandir heyəti və muzdlu döyüşçülər daxil olmaqla xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralanıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.
Polkovnik-leytenant Anar Eyvazov qeyd edib ki, aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən bölmələri döyüşə girməkdən imtina edir, tutduqları mövqeləri tərk edib geriyə çəkilməyə məcbur olub. Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanından fərarilik edir, geriyə çəkilir.
Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, erməni mətbuatında düşmənin guya Xudafərin ərazisində əməliyyat keçirdiyi iddia edilir. Bildiririk ki, bu məlumatların hamısı yalandır. Ermənistan ordusu Xudafərin ərazisində əməliyyat keçirmək iqtidarında deyil və Xudafərini birdəfəlik unutmaları daha yaxşı olar.
Əməliyyatların gedişində Azərbaycan Ordusunun müasir silahları və döyüş texnikası yalnız düşmənin hərbi hədəflərinin məhv edilməsinə və preventiv tədbirlər çərçivəsində mülki əhalini hədəfə almış legitim hədəflərin dəqiq atəşlə məhv edilməsinə yönəldilib.
Brifinqdə media nümayəndələrinin diqqətinə çatdırılıb ki, bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı paylaşdığı şəxsi fikirlər məxfilik rejiminin pozulmasına və ən əsası hərbi qulluqçularımızın həyatına təhlükə yarada bilər. Bu məsələni nəzərə alaraq, bir daha sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini yalnız Ali Baş Komandanımızın ictimaiyyətə çatdırdığı məlumatlara və Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.
“Sonda yeni uğurlar münasibətilə ordu rəhbərliyi adından xalqımızı bir daha təbrik edirik. Əmin edirik ki, ordumuz işğal altında qalan digər torpaqlarımızı da tezliklə və mütləq şəkildə azad edəcək”, - deyə polkovnik-leytenant Anar Eyvazov bildirib.
Facebook-da paylaş