Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədən Tərbiyəsi və İdman Akademiyasının idman həkimi ixtisası üzrə ilk məzun buraxılışı olub



İyulun 3-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında iki il əvvəl Akademiyaya magistrant kimi qəbul olmuş həkimlər magistrlik dissertasiya işlərini müdafiə edərək proqramın ilk məzunları olublar.

Akademiyadan BrendSport.az-a bildiriblər ki, idman tibbi və reabilitasiya ixtisası üzrə magistr proqramı yalnız Azərbaycanda deyil, postsovet məkanında birinci dəfə tətbiq olunur. Proqramın rəhbəri Avropanın “İdman tibbi” tədris standartının müəllifi, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) tibb komissiyasının sədri, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin idman tibbi bölməsinin vitse-prezidenti, Britaniyanın boks üzrə milli Olimpiya yığmasının tibbi direktoru Maykl Pol Luzmordur. Proqram çərçivəsində bütün dərslər UCL Universitetinin müəllim və ekspert heyəti tərəfindən aparılır.

2017-ci ildə həyata keçirilən birinci qəbulda ingilis dilli səkkiz həkim proqrama qəbul olub. İki il ərzində magistrantlara yuxarı və aşağı ətraf reabilitasiyası, kardioloji və psixoloji reabilitasiya, digər sahələri əhatə edən intensiv modullar tədris olunub. Eyni zamanda, beynəlxalq təcrübəni öyrənmək və yeni bacarıqlara yiyələnmək məqsədilə tələbələr Londonda iki həftəlik tədris-təcrübə səfərində olublar.

Magistr dissertasiyalarının elmi rəhbərləri “QS Qlobal Dünya Reytinqi”ndə 10-cu, Böyük Britaniyada isə Oksford və Kembric universitetlərindən sonra üçüncü olan UCL Universitetinin professorları olublar. Bununla da İdman Akademiyası daha bir ilkə imza atıb.

Eyni zamanda, bu addımın nəticəsində Akademiya ilə UCL Universitetinin birgə tədqiqatları üçün zamin yaradılıb. Bütün magistrantların mövzularının aktuallığı nəzərə alınaraq onlar idmanın müxtəlif növləri üzrə atletlərin, o cümlədən futbolçu, voleybolçu, karateçilərin zədədən sonra ən qısa zamanda reabilitasiya prosesini keçərək idmana qayıtmalarının imkan və risklərini öyrənir, bərpanın yeni növlərini təklif edirlər. Bir neçə məzun başladıqları tədqiqatı davam etdirmək məqsədilə Böyük Britaniyada doktorantura səviyyəsində təhsilini davam etdirəcək. Bu isə 2018-ci il noyabrın 16-da Azərbaycan Prezidenti tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə Dövlət Proqramı çərçivəsində qoyulmuş hədəflərə çatmaq üçün atılan ilkin ciddi addımlardır və dövlətin yeni akademik potensialının formalaşdırılmasına xidmət edir.


Facebook-da paylaş

Xəbəri paylaş