Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya ədalət kampaniyası”
25 fevral 2019-cu il tarixdə saat 17.00-da Azərbaycan Dövlət Musiqili teatrında Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya ədalət kampaniyası” çərçivəsində "Qara qar çiçəyi" hekayəsi əsasında tamaşa təqdim edilib.
BrendSport.az Gənclər şöbəsi xəbər verir ki, Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Dövlət rəsmiləri, Milli Məclisin üzvləri və digər qonaqlar iştirak ediblər.
"Qara qar çiçəyi" hekayəsi əsasında hazırlanan tamaşanın müəllifləri Yefim Abramov (İzrail) və Leyla Bəyim Cəfərova, rejissoru xalq artisti Vaqif Əsədovdur. Əsər 2017-ci ildə Londonda Xocalı faciəsi ilə bağlı keçirilən beynəlxalq müsabiqədə qalib gəlmişdr.
Tamaşa Xocalı soyqırım qurbanlarının xatirəsinin yüksək səviyyədə qeyd edilməsi və Faciənin 27-ci ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 fevral 2019-cu il tarixdə imzalanmış müvafiq Sərəncamı əsasında gerçəkləşdirilmişdir. Tamaşa, Sərəncamdan irəli gələn müddəaları təmin etmək və eyni zamanda, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına (gənclər arasında vətənpərvərlik, dövlətçilik,milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması) müvafiq olaraq keçirilib.
Məlum olduğu kimi, 2008-ci ilin may ayından Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olunması, beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.
Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” kampaniyası vasitəsilə faciə barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunur, kampaniyanın dəstəyi ilə bu günədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı tədbirlər keçirilir, geniş təbliğat-təşviqat işi aparılır.
Kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub.
Daha sonra tamaşa nümayiş olundu.
Xocalı. Fevralın 25 dən 26 sına keçən gecə. Erməni quldurları şəhəri tərk etməyə çalışan aciz və günahsız əhaliyə hücum edir. Hələ 10 yaşı tamam olmayan Natəvan Hacıyevanın gözləri qarşısında bir gənc qız təcavüzə uğrayaraq öldürülür, Natəvanın valideynləri güllələnir, özünün isə
gözləri dəstənin komandiri tərəfindən siqaret ilə yandırılır. Qız kor olur. Uşaq huşunu itirərək komaya düşür. Onu iki, on dörd yaşlı oğlan uşağı- qardaşı Fikrət və qonşuları Pərviz xilas edir. Onlar qızı özünkülər olan yerə qədər növbələşərək, qucaqlarında daşıyırlar.
Natəvan xəstəxanadadır. O özünə 17 gün sonra gəlir. Oğlanları uşaq evinə aparırlar. Natəvanı isə zəif görən və görmə qabiliyyətini tam itirən uşaqlar üçün internata göndərirlər.
25 il ötüb keçir.
Natəvanın qardaşı Fikrət artıq məşhur jurnalistdir. Onun həyatının yeganə məqsədi o dəhşətli gecənin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və haqq-ədaləti bərpa edəcək müstəqil komissiyaların yaradılmasına, canilərin cəzalandırılmasına nail olmaqdır . Onun da, Azərbaycanın müstəqil təşkilatlarının da səsi səhrada bir səda kimi səslənir. Beynəlxalq təşkilatlar bu səsə və tələblərə biganə və laqeyddirlər. Lakin, Fikrət təslim olmur. Onun cəlladları həbs etmək uğrunda yazdığı məqalələri Avropa məmurlarını qıcıqlandırır, hiddətlərinə səbəb olur.
Pərviz tibb institutunda təhsilini tamamlayıb Natəvanla əlaqəni itirir. Natəvan isə artıq məşhur şairədir. Onun ağır taleyüklü mövzusundakı şeirləri müxtəlif Avropa dillərinə tərcümə edilir, sevilərək oxunur. Lakin o faciənin təsiri hələ də özünü göstərir. Natəvan uzun illərdir ki, gecələr kabuslar görür. O, demək olar ki, gecələri yatmır. Həkimlər isə ona kömək etməkdə acizdir. Onun problemi haqqında Hollandiyada yaşayan məşhur psixoterapevt Patrik de Varda eşidir.O, Natəvanı Amsterdama psixoterapiya kursu keçməsi üçün dəvət edir. Həkim əmindir ki, Natəvanı bu xəstəlikdən sağalda biləcək. Seanslardan biri zamanı Patrik de Vardanın yanına İnterpolun nümayəndələri Anna Mari Verner və Neyl Şeldon gəlir. Onlar Natəvana onun qardaşı Fikrət Hacıyevi tapmaları üçün kömək etməsini xahiş edirlər.İnterpola belə bir məlumat çatıb ki, Fikrəti hədələyirlər. Onlar jurnalisti bu hədələrdən qorumaq istəyirlər. Natəvan onlara bildirir ki, qardaşı ona nadir hallarda zəng edir və o onun harda olduğunu bilmir. Natəvan dəhşətli gecə haqqında böyük həyəcanla danışır. Qızın halı xarab olur və o, huşunu itirir. Həkim interpol nümayəndələrindən oradan getmələrini xahiş edir. Cənab Şeldon həkimin bu xəstəyə qarşı olan qayğıkeş münasibətinin əsl səbəbini bildiyini deyir... Həkim Natəvanın qardaşı Fikrətin uşaqlıq dostudur. Onun əsl adı isə Pərviz İsmaykovdu. Həkim Patrik de Vard heç vaxt özünün kimliyini gizlətmədiyini bildirir və deyir ki, o, Avropada təkcə həkimlik təcrübəsini artırmaq üçün deyil, həm də dostuna ədalətə nail olmaq üçün kömək etmək məqsədilə yaşayır.O qanlı gecəni törədənlər, günahsız insanların qatilləri məhkəməyə cəlb olunub cəzalandırılmalıdırlar.. .
… Bir neçə gün sonra İnterpolun təmsilçisi Anna Mari Veber Natəvana və həkimə bir xəbər gətirir...
Facebook-da paylaş