Bakı çempionları müəyyənləşib
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, fərdi və kriterium ötüşməsi üzrə Bakı şəhər çempionatı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı mübarizə aparıb.
BrendSport.az saytı xəbər verir ki, Qala qəsəbəsində təşkil olunan fərdi ötüşmədə Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin (ROEİUGVİM) üzvləri Nəcəf Bağırov, Nikita Sitov, Kamran Mirzəxanov və Ayan Xankişiyeva müvafiq olaraq Gənclər, U-17, U-15 və qızların mübarizəsində 1-ci yeri tutublar. Yalnız 15 yaşadək qızlar arasında 1-ci yerə 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (7 İOEUGİM) təmsilçisi İradə Abdurəhimova layiq görülüb.
Veloparkda keçirilən kriterium ötüşməsinə gəlincə, burada Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçiləri Əli Qurbanov, Nikita Sitov və Ayan Xankişiyeva digər rəqiblərindən daha yaxşı çıxış ediblər. Qaliblər AzVİF və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
Facebook-da paylaş