“Baku Open” beynəlxalq karate turnirində bütün yaş kateqoriyaları üzrə idmançılar mübarizə aparacaqlar
Martın 14-17-də “Sərhədçi” İdman Olimpiya Kompleksində 10-cu “Baku Open” beynəlxalq karate turniri keçiriləcək.
BrendSport.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunan turnir 2020-ci ildə Bakıda keçiriləcək böyüklər arasında 55-ci Avropa çempionatının təşkili üçün sınaq xarakteri daşıyır. Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçiriləcək yubiley turnirində 10-dan artıq ölkədən karateçilərin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkili üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) rəsmiləri və mütəxəssislər, eləcə də bir neçə ölkədən beynəlxalq hakimlər dəvət olunub.
Fərdi kata və kumite üzrə yarışın birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.
Yubiley turnirinin təntənəli açılış mərasimi martın 15-də olacaq.
Turnirdən bir gün əvvəl - martın 13-də isə WKF-in hakimlər komitəsinin üzvü və EKF-in hakimlər komitəsinin sədri Alois Viesboekin rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.
Facebook-da paylaş