“Tələbə Kuboku”nun final oyunu və mükafatlandırma mərasimi keçirilib
Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
Turnirin bağlanış mərasimində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Nərimanov rayon YAP Gənclər Birliyinin sədri Yusif Babanlı, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərliyi və KİV nümayəndələri iştirak etmişlər.
Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.
Qeyd edək ki, turnirdə 10 komanda iştirak etmiş: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Humanitar Kollecin və Bakı İdarəetmə və Texnologiya Kollecin komandaları.
Turnirdə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, II yeri “ADA” Universitetinin komandası, III yeri isə Azərbaycan Turizm və Menecment Universitetinin komandası tutmuşdur.
Qaliblərin mükafatlandırma mərasimində dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışılmış, Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirilmişdir.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif edilmişlər.
Facebook-da paylaş