Gürcüstan portalları Azərbaycan paytaxtında keçirilən “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmadan yazırlar
Gürcüstanın nüfuzlu “gaxa.ge” və “24news.ge” informasiya portalları Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında baş tutan “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma barədə materiallar yayıblar.
BrendSport.az xəbər verir ki, yazılarda “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandalarının oyunundan, Azərbaycan Prezidenti İlham Əliyevin və qızı Leyla Əliyevanın bu qarşılaşmanı izləmələrindən bəhs olunub.
Eyni zamanda, UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərarın son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğuru olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün ən mötəbər idman qurumlarının nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana vermələri, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyunun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarların bunun parlaq göstəricisi olduğu xüsusi qeyd edilib.
Materialların tam mətni ilə https://gaxa.ge/n/1854 və
https://24news.ge/read/id/2194 portallarından tanış olmaq olar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Facebook-da paylaş