İdman jurnalistləri AFFA-nın yeni baş məşqçi təyinatından danışdılar: “Problem böyükdür”
Xorvatiyalı mütəxəssis Nikola Yurçeviç futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin edilib. 53 yaşlı Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.
Nikola Yurçeviçin Azərbaycan millisinin başına gətirilməsi ictimaiyyətdə, sosial şəbəkələrdə narazılıqla qarşılandı. Futbolsevərlər onun baş məşqçilik təcrübəsinin çox qısa olmasını əsas gətirərək, Azərbaycan futbolunu uğura apara bilməyəcəyini bildirir, AFFA-nı tənqid edirlər.
BrendSport.az saytı xəbər verir ki, Modern.az-a danışan idman jurnalistləri də ondan böyük gözləntilərinin olmadığını dilə gətiriblər.
"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli diqqətə çatdırıb ki, hər yeni işə başlayan insan kimi Nikola Yurçeviçə də uğurlar arzulamalıyıq. Baş redaktorun fikrincə, onun yeni işində nəyə nail olub-olmayacağı haqqında mülahizə irəli sürmək üçün ölkə futbolunun hazırkı durumunu dəqiq şərh etmək vacibdir:
“Azərbaycan futbolunun, futbolçularının potensialı elə yüksək səviyyədə deyil ki, biz Avropa Çempionatının final mərhələsində təmsil olunacağımıza inanaq.
2020-ci ildə keçiriləcək, Avropa Çempionatının dörd oyunu Bakıda baş tutacaq. Azərbaycanın həmin turnirdə, final mərhələsində təmsil olunması bir növ prinsip məsələsinə çevrilib. Amma gəlin, etiraf edək ki, Nikola Yurçeviç deyil, hətta dünyanın ən güclü məşqçiləri belə, bizi o hədəfə çatdırmağa qadir deyil.
Nikola Yurçeviçlə bağlı yeganə ümidverici məqam odur ki, Robert Prosineçki həmyerlisidir. Azərbaycana gələrkən keçmiş baş məşqçimizlə məsləhətləşib, tövsiyələrini dinləyib. Ən azından virtual da olsa, Azərbaycan futbolçularının potensialı, meydanda nə iş görəcəyi barədə aydın təsəvvürləri var.
Robert Prosineçkinin dövründə isə Azərbaycan yığması yüksək nəticələr göstərməsə də, oyunda müəyyən irəliləyiş var idi.
Yəqin ki, Yurçeviç də komandada nələrisə dəyişəcək. Konkret olaraq, Azərbaycan yığmasının yer aldığı “E” qrupunun gücünü də nəzərə alsaq, burada ən yaxşı halda 3-4-cü yerlər uğrunda mübarizə aparmaq olar. Bu isə Avropa Çempionatının final mərhələsinə yüksəlmək demək deyil. Çətin olacaq”.
Mahir Rüstəmli onu da qeyd edib ki, “top məşqçi”lər hətta 1-2 milyona müqavilələr imzalamağa razılıq verirlər:
“Azərbaycan futbolunun bugünkü vəziyyətində külli miqdarda pul ödəyib, “top məşqçi”ləri gətirmək ağılsızlıq olardı. Bir halda ki, sən böyük hədəflər uğrunda mübarizə aparmırsan, onda həmin milyonları çölə tökməyin mənası nədir?”.
Qol.az saytının baş redaktoru Aydın Bağırov isə hesab edir ki, ictimaiyyətinin Nikola Yurçeviçdən narazı qalması başadüşüləndir. O diqqətə çatdırıb ki, əsas tənqid edilən onun baş məşqçi kimi işləməməsi, 15-16 ilə yaxın baş məşqçinin köməkçisi vəzifəsində çalışmasıdır:
“Yurçeviçin bir dəfə baş məşqçilik fəaliyyəti olub - cəmi 10 oyun davam edib. Heç bir baş məşqçilik təcrübəsi olmayan şəxsin Azərbaycanın ən önəmli futbol yığmasının rəhbərliyinə gətirilməsi bundan sonra da haqlı narazılıqlar doğuracaq. Hesab edirəm ki, yerli məşqçilərdən hər hansı birinə komandanı həvalə etmək olardı. Amma artıq təyinat edilib. Bizim müzakirə aparmaqla nəyisə dəyişməyimiz mümkün deyil.
Bu gün Azərbaycan futbolunun problemi tək baş məşqçi ilə bağlı deyil. Nəinki Yurçeviçi, istənilən ideal hesab etdiyimiz baş məşqçini Azərbaycan yığmasının başına gətirsək belə, vəziyyət düzəlməyəcək. Problem daha dərin və böyükdür. Bu gün Azərbaycan futbolunda ciddi böhran var. Azərbaycanın uşaq futbolunda problem böyükdür. Kadr çatışmazlığı yetərincədir. Azərbaycanlı futbolçular yox dərəcəsindədir. Milli komandada normal oynamaq potensialında olan 4-5 azərbaycanlı futbolçu var ya yoxdur. Bu problemi yaradan səbəb isə 10 ildən çoxdur, Azərbaycanda uşaq futbolunun inkişaf etməməsidir. AFFA bu istiqamətdə əhəmiyyətli iş görməyib, düzgün fəaliyyət qurmayıb. 1-2 klubu çıxmaq şərti ilə digərləri uşaq futbolunun inkişafına çalışmır. Azərbaycanın bölgələrində futbol ümumiyyətlə yoxdur. Bunu aradan qaldırmaq mütləqdir. Bir neçə futbolçu Bakıdan çıxır, onların da oyun səviyyəsi aşağıdır. Futbolun bütün sahələrinə məsul olan AFFA sadaladığımız problemləri həll etmədən hər hansı məşqçini gətirməklə nəyi isə dəyişdirə bilməyəcək”.
Nadir hallarda AFFA-nın qərarları barədə müsbət fikir səsləndirildiyini vurğulayan goal.az saytının əməkdaşı Zeynəb Əlizadə indiki rəyləri də normal hesab edir:
“Yurçeviçin, əsasən, köməkçi məşqçi kimi fəaliyyət göstərməsini qabardırlar. Halbuki, bu normal situasiyadır. Yüksək səviyyəli məşqçilər bizim millini çalışdırmaqda maraqlı deyillər. Razı olan da sırf maddiyata görə təklifi qəbul edir. Bu halda da, azarkeşlər AFFA-nı bədxərclikdə günahlandırırlar. Əvvəl-axır millini kimsə çalışdırmalı idi, bu da Yurçeviç oldu. O qədər də bədbin düşünmürəm. Ən pis halda əvvəlki kimi uğursuzluq olacaq. Daha yaxşı nəticəmiz olarsa, buna ancaq sevinmək olar”.
Aysel Aslan
Facebook-da paylaş