Halldorssonun həyat hekayəsi
2014-cü ildən əvvəl futbol baxımından o qədər də əhəmiyyət verilməyən İslandiya tarixində ilk dəfə qatıldığı dünya çempionatına yaxşı başlayaraq Argentina yığması ilə 1:1 hesablı bərabərliklə meydandan ayrıldığı matçda Messinin penaltidən fərqlənməsinə imkan verməyən, bu gün isə "Qarabağ"a transferi rəsmi şəkildə açıqlanan Hannes Tor Halldorssonun maraqlı həyat hekayəsi var.
İslandiyanın paytaxı Reykyavikdə dünyaya göz açan Halldorsson Breydholdda böyüyüb. Elə futbola ilk addımlarını da burda, "Leyknir" adlı yerli klubda qapıçılığa başlamaqla atıb. Halldorssonun formasını geydiyi "Leyknir", ölkənin digər komandaları kimi aşağı yaş qrupları təhsili vermirdi. İslandiya futbolunun yüksəlişində payları olan 1984-cü il nəslindən heyətində cəmi 3 futbolçu vardı. Amma o dönəmdə futbolda və aşağı yaş qrupları sistemində o qədər də inkişaf etməyən İslandiyada durum indikindən çox uzaq idi. Peşəkar şəkildə məşq etmək imkanı olmayan Halldorsson, hər gün öz-özünə divara zərbə vurub qayıdan topları tutmağa çalışmaqla inkişaf etməyə cəhd göstərirdi.
2004-cü ildə komandasından ayrılmaq və daha böyük kluba keçmək istəyən Halldorsson aşağı dəstədə mübarizə aparan "Numi"də baxış üçün məşqlərə çıxır. Amma "Numi"nin məşqçilər korpusunun gözünə girməyi bacarmayaraq sabiq klubuna qayıdır. "Leykner"də forma geyən zaman mövsümün son matçında böyük səhvə yol verir və komandasının yüksək dəstəyə çıxmasına əngəl olur. Bu səhv onun karyerasının bitirməsinə səbəb olacaqdı! Həmin günlər haqda danışan Halldorsson "O vaxt məni heç kim tanımırdı. Futbol oynaya biləcəyimi də düşünmürdülər. Amma mən özümə güvənib, uğur qazana biləcəyimə inanırdım. Bu nöqtədən sonra "ipləri" öz əlimə almaq lazım olduğunu anladım" sözlərini söyləyib. Peşəkar futbolçu karyerası xəyalları suya düşmək üzrə olan qolkiper həyatını başqa istiqamətə yönləndirmək əvəzinə yeni planlar qurmağa başlayır. Atası ilə görüşdə ölkədəki azsaylı peşəkar qapıçılardan biri olmağı hədəfləmək istədiyini dilə gətirir. Ən böyük xəyalı isə idolu olan məşhur italyan qapıçı Canluici Buffona qarşı forma geymək idi.
Halldorsson qarşısına qoyduğu hədəfə çatır və hətta 2011-ci ildə İslandiya Premyer Liqasında ən yaxşı oyunçu mükafatını da qazanır. Elə həmin ilin payızında İslandiya yığmasının qapıçılarının birinin cəzalı, digərinin isə zədəli olması onun xəyalını gerçəkləşdirir. Avro-2012-də Cənubi Kiprlə oyunda ilk dəfə yığmanın formasını geymək şansı qazanır. Bu matçda əlinə düşən fürsəti yaxşı dəyərləndirən əlcək sahibi, qapısından qol buraxmır. Həmin gündən başlayaraq yığmaya davamlı şəkildə dəvət alır.
Futbolçu karyerası ilə yanaşı eyni zamanda Halldorsson litseydə oxuduğu illərdən bəri rejissorluq edir. Litsey illərinin əvvəlində "Naylon" adlı bir musiqi qrupu üçün pulsuz klip çəkməklə film karyerasına başlayan Halldorsson, o gündən bəri bir çox filmlər lentə alıb. Onun rəhbərlik etdiyi işlər arasında İslandiyanın 2012-ci il Avroviziya videosu da var. Yığma karyerasına davam edərkən belə mükafatlı reklamlar və televiziya proqramları çəkməyi bacarıb. Rəhbərlik etdiyi "Peşəkar idmançılarımız" televiziya proqramında Halldorsson ölkəsindəki peşəkar futbolçuları ziyarət edərək, onlar haqda sənədli filimlər hazırlayıb. Bu proqram çərçivəsində, ziyarət etdiyi futbolçulardan biri, heyranı olduğu İslandiya futbolunun əfsanələrindən Eydur Qudyonsen, illər sonra Halldorssonun beynəlxalq matçlarda otaq yoldaşı olub. Proqrama daxil etmək istəsə də sonradan vaz keçdiyi Emil Halfredssonla yığma komandanın təlim-məşq toplanışlarında qarşılaşdığı zaman, ilk tanışlığında bunun üçün peşimanlıq hissi keçirdiyini bildirmişdi.
2011-ci ildə yığmanın başına Lars Lagerbek və Heymir Halqrimsson keçəndən sonra Halldorsson komandanın əsas qapıçısı olur. Oyun bacarığı qədər lider xarakteri ilə də komandası üçün önəmli bir isim olan Halldorsson, 2016-cı ildə keçirilən Avropa çempionatında yaxşı performans göstərib. Bundan başqa dünya çempionatının seçmə mərhələlərində meydana çıxdığı 9 oyunda qapısında cəmi 5 qol görüb.
Halldorsson, filimlərə marağına paralel olaraq İslandiya yığmasına oyunlardan 2-3 gün əvvəl komanda şəklində film izləmək ənənəsini gətirdi. O film sektorunda olan əlaqələri sayəsində hələ efirə verilməmiş filimləri, kino izləmə günlərində komanda yoldaşlarına göstərə bilir. Məsələn, 2015-ci ildə Hollandiyanı Amsterdamda məğlub etdikləri matçdan əvvəl izlədikləri Baltazar Kormakurun hələ ictimaiyyətə təqdim olunmamış "Everest" filmi buna nümunə kimi göstərilə bilər. Təcrübəli qapıçı 2013-cü ildə verdiyi bir müsahibədə belə deyir: "Ssenari inkişaf edir. Bu mənim xəyalımdı. Futblu buraxmazdan əvvəl bir dənə uzunmetrajlı film hazırlamaq istəyirəm. Eyni anda yalnız bir futbolçu və reklam rejissoru ola bilərsiz. Bir film isə 40 gün durmadan çalışmaq deməkdi. Məqsədim hələ oynayarkən böyük bir film çəkməkdi. Bir qorxu filmi. Bir zombi filmindən artıq. İslandiyanın təcrid olunmuş bir bölgəsində keçən sadə bir ruh, gərginlik filmi". (Sport7.az)
Facebook-da paylaş