Bədii gimnastika üzrə Azərbaycan birinciliyinin ilk gününün qalibləri müəyyənləşib
Dekabrın 6-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çərçivəsində 2006-2007-ci il təvəllüdlü gimnastların qrup komandalarının lentlə hərəkətlərində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, birinci yeri “Ocaq-2”, ikinci yeri Bakı gimnastika məktəbi, üçüncü yeri “Ocaq-1” komandası tutub.
Qeyd edək ki, dekabrın 6-9-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok keçirilir. Yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Birincilikdə “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” klubu, “Zirvə” beynəlxalq idman klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı və “Zabrat” idman klubunun, həmçinin Sumqayıt, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan, Göyçay şəhər və rayonlarının idmançıları çıxış edəcəklər.
Turnirin sonuncu günündə bölgələrarası kubok yarışları start götürəcək. Sayca beşinci olan bu turnirdə bölgələri təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında çıxış edəcəklər. Yarışların sonuncu günə tamaşaçılara ötən il olduğu kimi, bu il də “Qızıl yaş” şousunda məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim olunacaq.
Facebook-da paylaş