Azərbaycan olimpiyaçılarının “Sidney-2000”də çıxışının 20 illik yubileyi münasibətilə videokonfrans keçirilib
Azərbaycanın olimpiyaçılarının “Sidney-2000” Olimpiadasındakı iştiraklarının 20 illiyi münasibətilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə videokonfrans təşkil edilib.
BrendSport.az xəbər verir ki, AİJF-in prezidenti Qabil Mehdiyev tədbirdə çıxış edərək Azərbaycan Olimpiya hərəkatının inkişafından danışıb, 20 il əvvəl komandamızın möhtəşəm qələbə qazandığını bildirib.
Sonra “Sidney-2000” Olimpiya Oyunlarından bəhs edən videoçarx nümayiş olunub.
ADBTİA-nın rektoru Fuad Hacıyev Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Müstəqillik illərində Azərbaycan idmanında böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan rektor qeyd edib: “İyirmi il əvvəl Azərbaycan idmançılarının Sidneydə əldə etdikləri möhtəşəm qələbə idman tariximizin parlaq səhifələrindəndir. Belə ki, cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən cəmi üç il sonra - 2000-ci ildə idmançılarımız Sidneydə Yay Olimpiya Oyunlarında möhtəşəm, tarixi zəfərə imza atdılar. Beləliklə, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri kimi fəaliyyəti 2000-ci ildə - Sidney Yay Olimpiya Oyunlarında parlaq əksini tapdı”.
Fuad Hacıyev qeyd edib ki, Sidneydə keçirilən XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə iştirak edirdi. Olimpiadada iki qızıl və bir bürünc medal qazanan Azərbaycan medal siyahısında 80 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Sidney zəfəri ölkəmizdə MOK-un prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyan Olimpiya hərəkatının və bütövlükdə Azərbaycan idmanının inkişafda olduğunu bütün dünyaya nümayiş etdirdi.
Rektor komandamızın “Sidney-2000”dən sonra iştirak etdiyi bütün olimpiadalarda ölkəmizə böyük qələbələrlə qayıtdığını vurğulayıb. O, ADBTİA-da bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində görülmüş işlərdən danışıb, o cümlədən təhsil ocağında gələcəyin olimpiyaçılarının yetişdiyini bildirib.
Sidney Olimpiadasının qalibi Zemfira Meftaxətdinova 20 il əvvəl qazanılan qələbənin Azərbaycan komandasının güclü potensialını nümayiş etdirdiyini deyib. O, komandamıza qarşıdakı olimpiadalarda və digər mötəbər turnirlərdə daha böyük uğurlar arzulayıb.
Olimpiya çempionu Namiq Abdullayev Sidney Olimpiadasında qələbəsini indi də həyəcanla xatırladığını bildirib. 1996-cı ildə Atlanta Olimpiadasında hakimlərin ədalətsiz qərarları nəticəsində qızıl medal qazana bilmədiyini xatırladan Olimpiya çempionu Sidneydə bu uğura nail olduğu üçün qürur duyduğunu söyləyib. Güləş üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyin olunan N.Abdullayev yığmamızın daha böyük nailiyyətlərə imza atması üçün var gücü ilə çalışacağını vurğulayıb.
Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərov da əldə etdiyi uğurlardan danışıb. O, “Sidney-2020”də qazandığı uğuru indi də xoş duyğularla xatırladığını bildirib.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov “Afina-2004”də məhz Sidneydə əldə edilmiş böyük qələbələrdən ruhlanaraq qızıl medal qazandığını bildirib. O, Azərbaycan komandasının bundan sonra daha böyük nailiyyətlərə imza atacağına inandığını vurğulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanda Olimpiya hərəkatının ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladığını və İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə bədən tərbiyəsi və idmanın geniş vüsət aldığını, bu sahədə sistemli şəkildə genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edilib ki, komandamız Sidney Olimpiadasında əldə etdiyi qələbə ilə Azərbaycanın idman tarixinə parlaq səhifə yazıb. Olimpiadadan-olimpiadaya nəticələrini yaxşılaşdıran Azərbaycan komandasının daha böyük qələbələrə imza atmaq üçün güclü potensiala malik olduğunu bildirən R.Abbasov növbəti Olimpiya Oyunlarında daha yüksək uğurların qazanılacağına əminliyini ifadə edib.
Sonda Sidney Olimpiadasında uğurla çıxış etmiş hər üç idmançıya ADBTİA-nın plaketi və xatirə hədiyyələri təqdim olunub.
Facebook-da paylaş