Paravelosiped üzrə yığmamızın baş məşqçisi: Gələcəkdə daha çox əlil insanları veloyürüşə cəlb etməyə çalışacağıq
Azərbaycanda paravelosiped idman növü Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Məqsədimiz fiziki məhdudiyyətli insanları da sağlamlığa və idmana cəlb etməkdir. Bu gün həm əlilliyi olan, həm də olmayan insanlar birlikdə gözəl yürüşdə iştirak edərək həmrəy olduğumuzu nümayiş etdirdik. Bu da bizim üçün böyük stimuldur və həqiqətən həmrəy olduğumuzun əyani təzahürüdür.
BrendSport.az xəbər verir ki, bu barədə “Gücümüz həmrəyliyimizdir” devizi ilə keçirilən kütləvi veloyürüşün iştirakçısı Milli Paralimpiya Komitəsinin nəzdində yaradılan paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyev jurnalistlərə müsahibəsində deyib.
A.Həsənquliyev gələcəkdə daha çox fiziki məhdudiyyətli insanları veloyürüşə cəlb etməyə səy göstərəcəklərini bildirərək deyib: “Mən yol-nəqliyyat hadisəsi zamanı əlil olmuşam və səkkiz ildir ki, əlil arabası ilə hərəkət edirəm. Əlil arabasında olan ilk jurnalistəm ki, teleməkanda tamaşaçıların qarşısına çıxıram. “Biz birik” verilişinin aparıcısıyam. Eyni zamanda, paravelosiped idman növü ilə də məşğul oluram. Hazırda məndən başqa bir Qarabağ əlili, iki ayağı amputasiya olunmuş başqa əlil də paravelosiped idman növünə cəlb edilib. Ümumiyyətlə, bu idman növü ilə bağlı keçirilən veloyürüşlərdə müxtəlif əlillik dərəcələri olan insanlar iştirak edə bilərlər. Çalışırıq ki, bu sahədə də həmrəyliyimizi və cəmiyyətin faydalı bir üzvü olduğumuzu göstərək”.
AZƏRTAC
Facebook-da paylaş