Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"O, həmişə mənim üçün nümunə olub"



Azərbaycan millinin voleybolçusu Kseniya Poznyak (Koçyigit) Rusiyanın “Leninqradka” klubunun saytına müsahibə verib. BrendSport.az saytının məlumatına görə, 32 yaşlı blokçu formasını geyindiyi Sankt-Peterburq təmsilçisinin 2017/2018 mövsümündəki çıxışını dəyərləndirib və gələcək planları barədə danışıb.

- Ötən mövsüm sizin üçün nə ilə yadda qaldı?

- Türkiyəyə evimə yollanmışdım. Bütün dostlarım yaxşı – xoşbəxt, razı göründüyümü deyirdilər. Mən də son 1 ilin mənim üçün xoşbəxt keçdiyini bildirirdim. Düzdü, voleybol planında qarşımıza qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Daha yüksək yer tutmalı idik. Amma özümü komandada yaxşı hiss etdim, komanda yoldaşlarım, məşqçilər və rəhbərliklə yaxşı münasibətlərimin olduğu üçün şadam. Çempionatın bitməyindən o qədər də çox vaxt keçməyib. Amma darıxmağa başlamışam. Bu mövsüm üçün hamıya təşəkkür edirəm. Hətta bir pis günümü, kiminləsə mübahisə etdiyimi də xatırlamıram. Yalnız kapitan kimi oyunçularımıza iradlarımı bildirmişəm. Ümumilikdə isə təkcə peşəkar deyil, bütün planlarda hər şey əla oldu. Komandamızın yaxşı potensialı vardı. Mövsümə də yaxşı başlayıb, “Uraloçka”, “Yenisey” kimi komandalara qalib gəldik. Amma sonda bir az boşluqlar verdik. Məncə, 5-ci ya 6-cı yerləri tutub avrokuboklara vəsiqə qazana bilərdik. Buna 100 faiz əminəm. Meydana çıxdığımız komanda yoldaşlarımı yaxşı tanıyıram. Amma bizdə nəsə çatmadı. Ola bilər ki, gənc oyunçular öz bacarıqlarına tam bələd deyillər. Ola da bilər ki, mənim oynadığım səviyyədə çıxış etməyə öyrəşməyiblər. Amma onlarda potensial vardı.

- Siz onlara kapitan kimi, nələrsə deyirdizmi? Məsələn, özünü daha inamlı hiss etmək, daha çox qüvvə sərf etmək...

- Əlbəttə. Təkcə mən deyil, məşqçilər də, digər təcrübəli voleybolçular da. Amma son nöqtəni qoymağa nəsə çatışmırdı. Bərabər oyun gedirdi, lakin qalib gələ bilmirdik.

- Arxada qalan mövsüm şəxsən sizə peşəkarlıq baxımından nə verdi?

- Bu, mənim Rusiya Superliqasında ilk mövsümüm idi. Oynadığım Azərbaycan, Türkiyə və İtaliya çempionatları ilə müqayisədə bu tam fərqli voleybol idi. Həm sürət, həm də güclü voleybolçuların çoxluğu, yaxşı gənclərin sayını qeyd edərdim. Onlara qarşı oynamaq maraqlı idi.

- Superliqadakı komandalardan hansıları fərqləndirərdiz?

- Təbii ki, Kazan “Dinamo”sunu. Əmin idim ki, onlar çempion olacaqlar. Bir də sonda qızıl medala sahib olan Moskva “Dinamo”sunu. Amma onlarla mübarizə apara bilərdik. Digərləri isə eyni səviyyədədi. İstər “Yenisey” olsun, istər “Uraloçka” və ya “Proton”.

- Bəs “Leninqradka”?

- Bəli, biz də eyni səviyyədə oynayırdıq. Məsələn, Türkiyədə 3-4 komanda var ki, onlar favoritdilər və həmişə sabit, yaxşı çıxış edirlər. Digərləri isə 5-6-cı yerlər üçün mübarizə aparırlar.

- Bəs oyunçulardan kimi fərqləndirərdiz? Yığmadakı komanda yoldaşınız Natalya Məmmədova mövsümə çox yaxşı başladı...

- O, həmişə mənim üçün nümunə olub. Çox çalışqan oyunçudu, əsl liderdi. Nataşa Qonçarova da çox yaxşı voleybolçudu. Onunla yaxından tanış deyiləm. Amma meydanda öz hədəfinə çatır, qoyulan vəzifələri icra edir və komandasını arxasınca aparır.

- Voleyboldan bir az kənara çıxaq. Sankt-Peterburqda keçirdiyiniz 1 il haqda nə deyə bilərsiz?

- Bu ayrı mövzudu. Mən hələ bura gələndə deyirdilər ki, o şəhərə mütləq vurulacaqsan. Belə də oldu və mən ona vuruldum. Hələ hər şeyi görə bilməmişəm. Oyunlar, məşqlər, ailə... Amma çox şeyi yenə görə bilmişəm. Komanda yoldaşlarımla gəzmişəm. Anamla, qızımla da həmçinin. Hələ digər idman yarışlarına – kişi voleyboluna və basketbola da baxmağa getmişik. Sankt-Peterburqa 2-3 günlük gələn turistlər üçün bu vaxt çox azdı. Komandada 2-3 il oynayan voleybolçular da hətta bu qədər vaxtın azlığını da qeyd edirlər. İndi İstanbuldayam, aeroporta gedirəm. Amma ürəyimdə Peterburq ən sevimli şəhərlərdən biri kimi qalıb. Gələcək karyeramın necə olacağından asılı olmayaq, mən mütləq bura qayıdacam. Bu şəhər mənə hər şeydən başqa, çox dostlar verib. Həm voleybol, həm də ondan kənarda.

- Bəs gələcək necə olacaq?

- Hələ bilmirəm. Agentlərim bu işlə məşğuldu. Burada qalmaq istərdim. Biz Aleksandr Leonidoviçlə danışmışıq, lakin reqlamentə əsasən komandada yalnız 2 legioner ola bilər. İstəyirəm ki, Rusiya Voleybol Federasiyasına limiti qaldırması ilə müraciət edəm (gülür). Əlbəttə, bu yaxşıdı ki, gənc rusiyalı oyunçular inkişaf edir və özlərini göstərir. Amma bu məhdudiyyət mənim üçün təəccüblüdü. Türkiyədə fərqlidi. Orda limit hər oyunlarda tətbiq olunur. Komandada isə daha çox legioner ola bilər.

- “Leninqradka”nın azarkeşlərinə nə arzulaya bilərsiz?

- İlk növbədə təşəkkür edirəm. Onlar həmişə bizimlə olublar. Hər oyundan əvvəl mənə yazır, uğurlar arzulayırdılar. Bizim oyunlarımıza, müxtəlif şəhərlərə gəlirdilər. Onların bayram sürprizləri daim xoş olurdu. Elə azarkeşlər vardı ki, məğlubiyyətdən sonra dərhal çevrilib gedirlər. Amma bunlar elə deyildilər. Buna görə onlara təşəkkür edirəm. Daim yanımızda olurdular. Onlara növbəti mövsümdə uğur, komandalarına belə inanmağı, dəstəkləməyi arzulayıram. Kluba da bir daha təşəkkür edirəm ki, özümü burda 1-2 illik müqavilə bağlayıb pul qazanan yox, ailəmdəki kimi hiss edirdim. Mən darıxacam. Bu, karyeramın ən yaxşı mövsümlərindən biri idi.

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş