Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayır.
BrendSport.az xəbər verir ki, 1949-cu ildən keçirilən bu nüfuzlu turnir ardıcıl ikinci dəfə 24 komandanın iştirakı ilə təşkil olunub. 2019-cu ildə olduğu kimi çempionat yenə 4 ölkənin meydanlarında baş tutacaq. Bu dəfə turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edir.
Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunlarına Serbiya ev sahibliyi edir. Komandamız qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirəcək. Belqraddakı "Stark Arena"da keçiriləcək görüş yunanıstanlı hakim Aleksandros Milonakisə həvalə olunub. Ona macarıstanlı Aqnes Batkai-Katona kömək edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Yığmamız avqustun 21-də Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.
Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan voleybolçuları ilk dəfə 2005-ci ildə Xorvatiyanın Zaqreb və Pula şəhərlərində təşkil olunan Avropa çempionatında debüt ediblər. Yarımfinaladək inamla irəliləyən komandamız İtaliya yığmasına 0:3 hesabı ilə məğlub olub. Üçüncü yer uğrunda matçda eyni hesabla Rusiya komandasına uduzan yığmamız ilk dəfə qatıldığı Avropa çempionatında dördüncü olub. Həmin yarışda millimizin üzvləri Alla Həsənova və Valeriya Korotenko çempionatın ən yaxşıları sırasında yer alıblar.
Voleybolçularımız ardıcıl 8 dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparıblar. Daha bir dəfə - 2017-ci ildə Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi etdiyi turnirdə də yarımfinal həyəcanı yaşayan qızlarımız yenə dördüncü yerlə kifayətlənməli olublar. "Avro-2021" isə voleybolçularımızın qitə birinciliklərində doqquzuncu sınağı olacaq.
Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Gənc oyunçuların da cəlb olduğu komandada 4 voleybolçumuz ilk dəfə Avropa çempionatında mübarizə aparacaq. Bu yarışda milli komandamıza Vüqar Əliyev rəhbərlik edəcək. V.Əliyevə Eldar Yusubov, Emin Əbilov və Sinişa Popek kömək edəcəklər.
Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.
Serbiya millisi turnirin favoriti hesab olunur. Favoritlərin siyahısında ilk üçlüyü İtaliya və Türkiyə yığmaları tamamlayır.
Facebook-da paylaş