Qılıncoynadanlarımız Moskvada güclərini sınayıblar
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvləri Sevil və Sevinc Bünyatova bacıları, Səbinə Kərimova Rusiyanın Novoqorsk şəhərindəki “İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzi”ndə keçirilən “Güclülərin turniri” adlı ümumrusiya yarışlarında iştirak ediblər.
Azərbaycan Qılıncoynatma Federasiyasından BrendSport.az -a bildiriblər ki, təmsilçilərimizdən Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gəlib. Sablyaçımız 1/16 finalda Kseniya İllarionovanı məğlub edib. S.Bünyatova 1/8 finalda Svetlana Karelovaya uduzub. S.Karelova digər idmançımız S.Kərimovanı da yarışdan kənarlaşdırıb.
Qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gələn Sevinc Bünyatova isə 1/16 finalda Aleksandra Klimovaya uduzub.
Yekun sıralamada Sevil Bünyatova 12-ci, Sevinc Bünyatova 20-ci, Səbinə Kərimova isə yarışı 27-ci yerdə başa vurublar.
Turnir millimizin yanvarın 25-26-da ABŞ-ın Solt Leyk Siti şəhərində keçiriləcək dünya kuboku yarışına hazırlıq xarakteri daşıyıb.
Facebook-da paylaş