“Keşlə”nin baş məşqçisi: Doğma stadionla belə vidalaşmaq istəməzdik
Bizim üçün çox önəmli qələbə idi. Son dəqiqələrdə qalib gəlmək həm xal, həm də mental baxımdan çox dəyərlidir.
BrendSport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
O deyib: "Elvin Camalovun beyni silkələnib və qaşı açılıb. Onun neçə müddət bizimlə olmayacağı barədə məlumat vermək üçün bizə əlavə müayinələr və vaxt lazımdır".
Otuz doqquz yaşlı baş məşqçi qələbə topunun müəllifi olan ukraynalı Zurab Oçiqavanın ölkəsindəki müharibəyə baxmayaraq, psixoloji vəziyyətinin yerində olduğunu söyləyib: "Zurab Oçiqava bundan əvvəlki oyunu buraxıb. O, oyunlara çətinliklə adaptasiya olurdu. Hazırda valideynləri yaxşıdır. Bu gün bizim üçün vacib qolu vurub".
M.Musayev "ASK Arena"da sonuncu ev oyununu keçirən və Şamaxıya köçən "Keşlə"ni təbrik edib.
"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib: "Futbolçular məşqlərdə istəkli idilər. Oyunda da sonadək mübarizə apardılar. Əslində danışılası elə bir şey yoxdur. "Sabah"la xal fərqinin açılmaması üçün bu görüş vacib idi. Təəssüf ki, uduzduq. Amma qarşıda oyunlar var. Həmin matçlara köklənəcəyik".
Bakıdan pis təəssüratla ayrıldıqlarını söyləyən S.Qurbanov əlavə edib: "Bu, "ASK Arena"da son oyunumuz idi. Doğma stadionla belə vidalaşmaq istəməzdik. Ümid edək ki, "Şamaxı" adı bizim üçün düşərli olar. Ən azından qol vurarıq. Epizodları dəyərləndirə bilmirik".
Şamaxıya ev oyunlarından bir gün öncə gedəcəklərini vurğulayan baş məşqçi bildirib: "Hələlik Şamaxı Olimpiya Kompleksində qalacağıq. Sonra bizə ətraflı məlumat veriləcək. Oraya gedib baxmağı planlaşdırırıq. Amma rəhbərlikdən gedən olub. Bilirsiniz ki, meydança yenidir. Məşq etməyə ehtiyac var. Qalacağımız yerə də baxıblar. Hər şey qaydasındadır".
S.Qurbanov bu il ilk dəfə meydana çıxan Amil Yunanovun çıxışına da toxunub: "O, inandığımız futbolçudur. Məşqləri buraxmır, hazırlaşır. Bu gün şans qazandı. Yaxşı olardı ki, qol vursun. Amma meydanda hərəkətli idi. Qol epizodları yaratmağa çalışırdı".
Facebook-da paylaş